Böyük Britaniya Livanın ABŞ və İranın atəşkəs zonasına daxil edilməsini tələb edəcək
Livanın ABŞ və İran arasında atəşkəs razılaşmasına daxil edilməsi zəruridir. Oxuməni.az “Bloomberg”-ə istinadla xəbər verir ki, bu barədə Böyük Britaniyanın Xarici İşlər Naziri İvet Kuper London Siti Lord-Mayor xanım Syuzan Lenqli ilə görüşündə bildirib.
"İrandan qonşularına qarşı daha heç bir təhdid olmamalıdır. Və ən əsası, Hörmüz boğazı tamamilə açıq olmalıdır", - deyə xanım Kuper qeyd edib (Bloomberg-ə istinadla).
Böyük Britaniyanın Xarici İşlər Naziri bu axşam London Sitidə Yaxın Şərqdəki hərbi əməliyyatlarla bağlı krallığın narahatlıqları mövzusunda çıxış edəcək. Keçən həftə İvet Kuper artıq 40-dan çox ölkənin nümayəndələrini Hörmüz boğazında gəmiçiliyin və bu dəniz dəhlizi vasitəsilə ticarətin bərpası üzrə birgə iş aparmaq üçün yığmışdı.
Aprelin 7-də ABŞ prezidenti Donald Tramp, Hörmüz boğazının açılması şərti ilə İrana zərbələrin dayandırıldığını elan etdi. İsrail də atəşkəsə qoşuldu, lakin ölkə hərbçiləri Livanın "Hizbullah" qruplaşmasına qarşı hərbi əməliyyatını davam etdirdi. Livan Mülki Müdafiə Baş İdarəsinin məlumatına görə, aprelin 8-də İsrailin zərbəsi nəticəsində 200-dən çox insan həlak olub, 1000-dən çoxu yaralanıb. Cavab olaraq İran yenidən Hörmüz boğazından gəmilərin keçidini bağlayıb. “Fars” xəbər agentliyinin yazdığına görə, İran Livanla bağlı İsrailin kampaniyasının davam etməsi səbəbindən İsrailə zərbələri bərpa etmək niyyətindədir.
Almaz Həsənli


















































































