Rutte: Tramp müttəfiqlərinin İrana qarşı müharibəyə qoşulmaqdan imtina etməsindən  məyusdur

Rutte: Tramp müttəfiqlərinin İrana qarşı müharibəyə qoşulmaqdan imtina etməsindən məyusdur

08:08
Bəyəndim (1) Bəyənmədim (0)

NATO-nun baş katibi Mark Rutte bildirib ki, ABŞ prezidenti Donald Tramp müttəfiqlərinin İrana qarşı müharibəyə qoşulmaqdan imtina etməsindən "açıq-aşkar məyusdur". Bu barədə The Guardian məlumat yayıb.

Tramp və Rutte arasındakı görüş həssas bir anda - ABŞ və İranın Hörmüz boğazının açılmasını da əhatə edən iki həftəlik atəşkəs barədə razılığa gəlməsindən 24 saatdan az bir müddət sonra baş tutub.
"Tramp, son bir neçə həftə ərzində baş verənlər barədə nə düşündüyünü mənə açıq şəkildə söylədi. Bu, çox incə bir mənzərədir", - deyə Rutte CNN-də bildirib.

O, Trampın NATO-dan çıxmaq istəyindən bəhs edib-etməməsi ilə bağlı suala cavab verməkdən imtina edib, lakin "iki yaxşı dost" arasındakı söhbəti "çox səmimi və çox açıq" adlandırıb.

Çərşənbə günü Ağ Evin mətbuat katibi Kerolin Levitt Trampın NATO-dan çıxmaq ehtimalını müzakirə etdiyini etiraf edib.

"Düşünürəm ki, prezidentin bir neçə saatdan sonra Baş katib Rutte ilə müzakirə edəcəyi bir şey budur", - deyə o bildirib.

"NATO bizə lazım olanda orada deyildi və yenidən ehtiyacımız olsa belə, orada olmayacaqlar. Qrenlandiyanı, o böyük, pis idarə olunan buz parçasını xatırlayın!" Tramp görüşdən sonra TruthSocial-da yazıb.

Bu həftənin əvvəlində Tramp iddia edib ki, Alyansla son problemlərinin onun Qrenlandiyanı ələ keçirmək istəyinə müqavimət göstərmələri ilə "başlayıb".

Tramp uzun müddətdir NATO-nu tənqid edir. İlk müddətində o, ABŞ-ı Alyansdan könüllü olaraq çıxarmaq hüququna malik olduğunu iddia etmişdi. 2023-cü ildə Konqres hər hansı bir prezidentin parlamentin təsdiqi olmadan NATO-dan çıxmasını qadağan edən qanun qəbul etdi. Bu qanun o vaxtlar Florida ştatından senator olan hazırkı dövlət katibi Marko Rubio tərəfindən lobbiçilik edildi.

Müdafiə Təxsisatlar Komitəsinə sədrlik edən Respublikaçı senator Miç Makkonnell Trampı "aydın və ardıcıl" olmağa çağırdı. O, xatırlatdı ki, 11 sentyabr hücumlarından sonra NATO müttəfiqləri öz qoşunlarını Əfqanıstan və İraqda amerikalılarla birlikdə döyüşmək və ölmək üçün göndərdilər.

Makkonnell dedi: "Bizi təhdid edən düşmənləri qorxutmaqdansa, maraqlarımızı bölüşən müttəfiqlərə qarşı şikayətlərə daha çox vaxt ayırmaq Amerikanın maraqlarına uyğun deyil."

Xatırladaq ki, dünən "The Wall Street Journal" qəzeti Tramp administrasiyasının İranla müharibəni dəstəkləməkdən imtina edən NATO ölkələrindən Amerika qoşunlarını Rusiyanın sərhədlərinə - Polşa, Rumıniya, Litva və Yunanıstana yenidən yerləşdirmək planını nəzərdən keçirdiyini bildirmişdi.

Bu arada, Böyük Britaniyanın keçmiş milli təhlükəsizlik müşaviri Lord Peter Riketts Baş nazir Keyr Starmerə ABŞ-ın etibarlı müttəfiq olmaqdan çıxdığı barədə xəbərdarlıq etdi və "xüsusi münasibətlər" anlayışından imtina etməyə çağırdı.

Trampın NATO-dan çıxmaqla bağlı təhdidləri fonunda İspaniyanın xarici işlər naziri Xose Manuel Albarez Avropanın öz ordusunu yaratmaq və daha dərin müdafiə inteqrasiyasına doğru hərəkət etməli olduğunu bildirdi.

Əziz MUSTAFA