Ermənistanda üç vətəndaşa Paşinyana hücum cəhdinə görə ittiham irəli sürülüb
Ermənistanda üç vətəndaşa baş nazir Nikol Paşinyana hücum cəhdi ilə bağlı cinayət işi çərçivəsində ittiham irəli sürülüb. Oxuməni.az xəbər verir ki, bu barədə martın 31-də Respublika İstintaq Komitəsinin mətbuat katibi Kima Avdalyan məlumat verib.
"Sputnik Ermənistan"ın məlumatına görə, iş üzrə üç nəfər saxlanılıb: 18 yaşlı David və Mikael Minasyanlar, həmçinin ictimai-siyasi xadim Gevork Gevorkyan.
Qeyd olunur ki, fiqurantlardan birinə xuliqanlıq və vəzifəli şəxsin siyasi fəaliyyətinə müdaxilə ittihamı irəli sürülüb. Digər ikisi bu cinayətlərin təşkili və köməkçiliyində ittiham olunur.
Sözügedən münaqişə martın 29-da ibadət zamanı baş verib. Kilsəyə gələnlərdən birinə Ermənistan baş nazirinin mühafizəçisinin baxışı xoş gəlməyib və o, bu barədə Paşinyanı müşayiət edən şəxsə bildirib. Bu zaman başqa bir dindar daha bir cangüdəni vurmağa cəhd edib. Baş nazir isə öz növbəsində əməkdaşlarından sakitləşməyi və heç kimi itələməməyi xahiş edib.
Paşinyan özü bildirib ki, münaqişəni törədənlərin saxlanılması ilə bağlı xüsusi göstəriş verməyib. O vurğulayıb ki, polisin öz işini görmək üçün əlavə göstərişlərə ehtiyacı yoxdur.
Almaz Həsənli



















































































