Tramp Hörmüz boğazı açılmasa belə İranla müharibəni bitirməyə hazırdır
Amerika mediasının məlumatına görə, ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazı əsasən bağlı qalsa belə, İrana qarşı hərbi kampaniyanı başa çatdırmağa hazırdır. Ağ Evdə bu yanaşmanı münaqişəni müəyyən müddətdən artıq uzatmamaq istəyi ilə izah edirlər. Oxuməni.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" və "Reuters" administrasiya nümayəndələrinə istinadən məlumat yayıb.
Mənbələrin məlumatına görə, Vaşinqtonda Hörmüz boğazını güc yolu ilə tamamilə açmağa cəhdin müharibəni əhəmiyyətli dərəcədə uzada biləcəyi qənaətinə gəliblər. Məhz buna görə də Trampın, ABŞ-ın əvvəlcə əsas hərbi məqsədlərə çatdığı, sonra isə aktiv döyüş əməliyyatları fazasını dayandırdığı ssenariyə meyl etdiyi iddia edilir.
Söhbət xüsusilə İranın hərbi-dəniz imkanlarının zəiflədilməsi, raket potensialının azaldılması və Tehrana qarşı diplomatik təzyiqlərin davam etdirilməsindən gedir. Əgər İran güzəştə getməsə, ABŞ boğazın blokadadan çıxarılması məsələsini Avropadakı və Fars körfəzi ölkələrindəki müttəfiqlərinə həvalə etməyə cəhd edə bilər.
Daha əvvəl Ağ Evdə Hörmüz boğazının tam açılmasının ABŞ-ın İrana qarşı əməliyyatının əsas məqsədlərindən biri olmadığını da bildirmişdilər. Prioritetlər arasında İranın hərbi-dəniz qüvvələrinin məhv edilməsi, onun raket və dron infrastrukturunun zəiflədilməsi, proksi qrupların imkanlarının sarsıdılması və Tehranın nüvə silahı əldə etməsinin qarşısının alınması qeyd olunurdu.
Hörmüz boğazı dünya enerji marşrutlarının ən vaciblərindən biri olaraq qalır və qlobal neft tədarükünün təxminən beşdə biri buradan keçir.
Gəmiçiliyin tam bərpası olmadan müharibənin dayandırılması barədə xəbərlər fonunda bazar artıq reaksiya verib – neft qiymətləri düşməyə başlayıb, baxmayaraq ki, analitiklər enerji bazarları üçün risklərin qaldığını xəbərdar edirlər.
Faktiki olaraq, Trampın yeni yanaşması boğazdakı vəziyyətə tam hərbi nəzarətə deyil, münaqişənin tez bir zamanda başa çatdırılmasına diqqət yetirməyə hazır olduğunu göstərir. Eyni zamanda, bu, gələcəkdə regionda təhlükəsiz gəmiçiliyi kimin və necə təmin edəcəyi sualını açıq qoyur.
Almaz Həsənli



















































































