Rusiya İrana hərtərəfli hərbi yardım edilməsinə hazırlığı başa çatdırıb
Rusiya Federasiyası İrana dron, dərman və qida çatdırılmasını mərhələli şəkildə başa çatdırıb. Bu barədə Financial Times məlumat verib.
Kəşfiyyatla tanış olan iki mənbəyə görə, yüksək vəzifəli İran və Rusiya rəsmiləri İsrail və ABŞ-ın Tehrana hücumundan dərhal sonra dron çatdırılması ilə bağlı gizli müzakirələrə başlayıblar. Qərb təhlükəsizlik rəsmisi Rusiyanın bu ay İrana göndərməyə razılaşdığı dronların dəqiq sinfini hələ müəyyən etmədiklərini bildirib. Bununla belə, o, əlavə edib ki, Moskva yalnız İran Şahid-136-ya əsaslanan Geran-2 kimi modelləri təchiz edə bilər.
Mənbələr həmçinin bildirir ki, Moskva Tehranla sıx əlaqələr saxlayır və müttəfiqinə peyk görüntüləri, hədəf məlumatları və kəşfiyyat daxil olmaqla vacib dəstək verir. FT qeyd edir ki, silahların, xüsusən də dronların tədarükü Moskvanın İrana "müharibənin başlanğıcından bəri ölümcül dəstək" göstərməyə hazır olduğunun ilk əlaməti olacaq. Qərbin yüksək vəzifəli rəsmisi Moskvanın yalnız İranın hərbi imkanlarını gücləndirmək üçün deyil, həm də Tehran rejimi üçün daha geniş siyasi sabitliyi təmin etmək üçün müdaxilə etdiyini söyləyir.
Xatırladaq ki, İranın xarici işlər naziri Abbas Əraqçi bu yaxınlarda Rusiya və Çinin Tehrana hərbi yardım etdiyini və ABŞ və İsraillə qarşıdurmada ölkənin strateji tərəfdaşları kimi çıxış etdiyini açıq şəkildə bildirib.
Bundan əlavə, Ukrayna prezidenti Volodimir Zelenski bir neçə gün əvvəl Ukrayna kəşfiyyatının İrana Rusiya kəşfiyyat yardımını təsdiqləyən məlumatlara sahib olduğunu bildirib. O, həmçinin Reuters agentliyinə verdiyi müsahibədə bildirib ki, Rusiya ABŞ-ın Ukrayna ilə kəşfiyyat paylaşımını dayandırması müqabilində İranla kəşfiyyat paylaşımını dayandırmağı təklif etməklə ABŞ-ı şantaj etməyə cəhd edib.
Əziz MUSTAFA


















































































