The Guardian: Vens qarşıdan gələn İran-ABŞ danışıqlarına rəhbərlik edə bilər
ABŞ-ın vitse-prezidenti J.D. Vens Pakistanda keçiriləcək mümkün görüşdə İran nümayəndələri ilə baş danışıqçı ola bilər. The Guardian bu barədə mənbələrə istinadən məlumat yayıb.
24 martda Pakistanın Baş naziri Şahbaz Şərif bildirib ki, İslamabad Yaxın Şərqdəki vəziyyətin həlli ilə bağlı danışıqlar üçün öz platformasını təqdim etməyə hazırdır. İran mənbələri qəzetə ABŞ nümayəndələri ilə görüşün bu həftəyə planlaşdırıldığını təsdiqləyiblər. Onların sözlərinə görə, Tehran ABŞ-ın xüsusi elçisi Stiv Vitkoff və sahibkar Cared Kuşnerin qatılacağı görüşdən imtina etmək niyyətindədir.
The Guardian xəbər verir ki, İran tərəfi Vensi qarşıdan gələn danışıqlarda daha məqbul həmsöhbət hesab edir. Mənbələr bildirib ki, İslam Respublikası tərəfindəki görüşə İran Parlamentinin spikeri Məhəmməd Bağır Qalibaf rəhbərlik edə bilər.
23 martda ABŞ prezidenti Donald Tramp İranla danışıqları elan etdi və bundan sonra ölkənin enerji obyektlərinə hücumlara beş günlük moratorium tətbiq etdi. Tehran Vaşinqtonla hər hansı əlaqəni təkzib etdi.
Əziz MUSTAFA



















































































