Paşinyan Qarabağla bağlı metroda üstünə qışqırdığı qadından və oğlundan üzr istəyib
Ermənistanın Baş naziri Nikol Paşinyan metroda üstünə qışqırdığı qadından üzr istəyib. Oxuməni.az xəbər verir ki, o, üzrxahlıq postunu özünün Facebook sosial şəbəkə hesabında dərc edib.
“Hörmətli xanım Mosiyan, mən sizdən və oğlunuzdan həmin emosiyalara görə üzr istəyirəm və ümid edirəm ki, metroda və ya başqa yerdə yenidən görüşüb sakitcə danışmaq üçün bir fürsət olacaq. İstərdim ki, bu söhbət baş tutsun. Bilirəm ki, siz imtina edəcəksiniz və bir neçə kobud söz əlavə edəcəksiniz - mən bunu təvazökarlıqla qəbul edirəm. Qəbul edirəm ki, nəsə səhv dedim, səhv jestlərlə, tonla, üz ifadəsi ilə dedim”, - o yazıb.
Siyasətçi həmçinin bildirib ki, aktual dünya hadisələrinə həddindən artıq emosional reaksiya verməsinə yol verir.
Bundan əvvəl Ermənistanın baş nazirinin İrəvan metrosunun vaqonunda sərnişinlərdən biri ilə mübahisə etdiyi bildirilmişdi. Paşinyan onun oğluna Qarabağsız “Real Ermənistan” xəritəsinin konturu olan döş nişanı təklif edib. Qadın cavabında bildirib ki, onlar məhz bu regiondan köçüblər və onun itirilməsinə görə məhz baş nazir məsuliyyət daşıyır. Tənqidlərə reaksiya verən Paşinyan səsini kəskin qaldırıb. Siyasətçi, xüsusən də bildirib ki, qadının oğlu göstərdiyi Ermənistanın xəritəsinin sərhədləri daxilində yaşayacaq.
Almaz Həsənli



















































































