Kubada milli miqyasda blekaut baş verib

Kubada milli miqyasda blekaut baş verib

10:21
Bəyəndim (2) Bəyənmədim (0)

Kubada tam elektrik enerjisi kəsintisi (blekaut-red.) baş verib. Oxuməni.az xəbər verir ki, bu barədə dövlət elektrik şəbəkələri operatoru UNE bazar ertəsi, martın 16-da məlumat verib. Beləliklə, adanın bütün əhalisi – təxminən 10 milyon insan – işıqsız qalıb.

"Hazırda elektrik təchizatının bərpası üçün tədbirlər görülür", - deyə UNE şirkətinin X mikrobloqunda bildirilir. Bu arada, “Reuters” agentliyi xatırladır ki, Kubadakı mövcud blekauta bir sıra elektrik kəsintiləri səbəb olub. Bəzi hallarda kubalılar bir neçə gün işıqsız qalıblar.

Bunun fonunda, martın 14-15-də keçirilən həftəsonu ölkədə etiraz aksiyaları keçirilib, bəzi yerlərdə küçə iğtişaşlarına səbəb olub. Belə ki, martın 14-ə keçən gecə bir qrup etirazçı Moron şəhərində hakim Kommunist Partiyasının mənzil-qərargahına hücum edib.

Kubadakı iqtisadi və enerji böhranı ABŞ-ın neft blokadası səbəbindən əhəmiyyətli dərəcədə pisləşib. Adanın enerji təchizatı əsasən köhnəlmiş neft elektrik stansiyaları hesabına həyata keçirilir. Bu yaxınlara qədər Kubanın əsas neft tədarükçüsü Venesuela idi. Lakin Amerika Birləşmiş Ştatlarının bu ölkəyə hücumu və onun rəhbəri Nikolas Maduronun bu ilin yanvarında ələ keçirilməsindən sonra Karakas kubalılara neft tədarükünü dayandırıb.

Almaz Həsənli