İsrail Livana yeni zərbələr endirib
İsrail Müdafiə Qüvvələri (SAXAL) Livanda əməliyyatları genişləndirmək planlarını elan etdikdən sonra Beyrutun mərkəzi, cənubu və şəhərətrafı ərazilərinə hücumlar başlatdı. Xüsusilə, cümə axşamı günü Livan Universitetinin kampusu və radikal şiə hərəkatı Hizbullah ilə əlaqəli bir maliyyə şirkətinin ofisinə hücum edildi. Bu barədə Oxuməni.az “AFP” agentliyinə istinadla xəbər verir.
Livan dövlət xəbər agentliyi NNA-nın məlumatına görə, universitet kampusuna edilən pilotsuz təyyarə hücumu nəticəsində iki işçi həlak olub. Ölkənin Səhiyyə Nazirliyi həmçinin Beyrutun cənubundakı Aramun şəhərində beş nəfərin öldüyünü bildirib. Nazirliyin məlumatına görə, onlar arasında bir uşaq da var. Beyrutun Ramlet əl-Bayda çimərliyinə səhər hücumunda ölənlərin sayı 12-yə çatıb, daha 28 nəfər yaralanıb.
Livan Səhiyyə Nazirliyinin məlumatına görə, 12 martda ölkə daxilində baş verən atəş nəticəsində 56 nəfər ölüb, 188 nəfər yaralanıb. 2 martda Livanda hücumlar başlayandan bəri ölənlərin sayı 98 uşaq və 52 qadın olmaqla 687-yə çatıb. Nazirlik bildirib ki, təxminən 1800 nəfər yaralanıb.
İsrailin müdafiə naziri İsrael Kats “Hizbullah”ın bir gün əvvəl ölkəsinə "kütləvi hücum" başlatdığını xatırladıb. "Mən Livan prezidentinə xəbərdarlıq etdim ki, əgər Livan hökuməti əraziyə necə nəzarət etməyi və “Hizbullah”ın şimal İsrail yaşayış məntəqələrinə təhdidlərinin qarşısını necə almağı bilmirsə, ərazini ələ keçirib bunu özümüz edəcəyik", - deyə "The Times of Israel" qəzeti Katsın SAXAL-ın rəhbərliyi ilə görüşdə dediyi sözləri sitat gətirir.
Almaz Həsənli




















































.jpg)
.jpg)
.jpg)


























