BMT Təhlükəsizlik Şurası: İran qonşu ölkələrə hücumları dayandırmalıdır

BMT Təhlükəsizlik Şurası: İran qonşu ölkələrə hücumları dayandırmalıdır

10:41
Bəyəndim (2) Bəyənmədim (0)


BMT Təhlükəsizlik Şurası İrandan Fars körfəzindəki qonşu dövlətlərə hücumları dərhal dayandırmağı tələb edib. Müvafiq qətnamə çərşənbə günü beynəlxalq hüquq və təhlükəsizliyin qorunmasına cavabdeh olan BMT-nin əsas orqanının 15 üzv ölkəsindən 13-nün səsi ilə qəbul edilib. Oxuməni.az xəbər verir ki, bu barədə BMT-nin rəsmi saytında məlumat yayılıb.
Qətnamə layihəsi Fars körfəzi Ərəb Dövlətləri Əməkdaşlıq Şurasının (Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Küveyt, Oman, Qətər və Bəhreyn) üzvləri və İordaniya tərəfindən təqdim edilib. Sənəddə qeyd olunur ki, İranın bu dövlətlərə hücumları beynəlxalq hüququn pozulmasıdır və "qlobal sülh və təhlükəsizliyə ciddi təhdid" təşkil edir. Lakin sənəddə İrana qarşı hərbi əməliyyatlara başlayan ABŞ və İsrail qeyd olunmur.
Qətnamədə həmçinin Tehranın "Hörmüz boğazı vasitəsilə beynəlxalq gəmiçiliyin bloklanması, maneə törədilməsi və ya başqa şəkildə pozulmasına" yönəlmiş "hər hansı hərəkətləri və ya təhdidləri" pislənilir. Yaxın Şərq ölkələrindən neft ixracı üçün ən vacib nəqliyyat arteriyalarından biri kimi xidmət edən bu boğaz, ABŞ və İsrailin İrana qarşı müharibəsi başlayandan bəri Tehran tərəfindən faktiki olaraq bloklanıb.
İran isə Fars körfəzi ölkələrinin qətnaməsinin qəbulunu tənqid edib.
BMT Təhlükəsizlik Şurasının iki daimi üzvü – Rusiya və Çin qətnaməyə səsvermədən çəkiniblər.
Rusiya mülki əhaliyə və mülki infrastruktura qarşı bütün hücumları pisləyən, habelə bütün tərəfləri zorakılığı dayandırmağa çağıran öz qətnamə layihəsini təklif edib.
Rusiya layihəsi lazımi sayda səs toplaya bilməyib. Yalnız dörd nümayəndə heyəti – Rusiya, Çin, Pakistan və Somali lehinə səs verib; iki ölkə əleyhinə çıxış edib və doqquz ölkə bitərəf qalıb.
Almaz Həsənli