Alimlər beyin travmalarını bağırsaq vasitəsilə müalicə etməyi təklif ediblər
Hyuston Metodist Tədqiqat İnstitutunun alimləri kəllə-beyin travmalarının müalicəsinə yeni yanaşma təklif ediblər – bağırsaq mikrobiomunun bərpası vasitəsilə. Oxuməni.az xəbər verir ki, tədqiqatın nəticələri "Communications Biology (ComBio)" jurnalında dərc olunub.
Tədqiqatçılar bağırsaq bakteriyalarının vəziyyətinin travmadan sonra beyindəki iltihaba necə təsir etdiyini araşdırıblar. Eksperimentlər göstərib ki, kəllə-beyin travması olan heyvanlarda antibiotiklərin istifadəsi mikrobiomun tərkibini dəyişdirib: patogen bakteriyaların sayı azalıb, toxumaların bərpası ilə əlaqəli faydalı növlər isə əksinə artıb.
Bu dəyişikliklər neyroiltihabın nəzərəçarpacaq dərəcədə azalması ilə müşayiət olunub. Heyvanlarda beyin zədəsinin ölçüsü kiçilib və sinir hüceyrələrinin ölümü azalıb.
Müəlliflər effekti "bağırsaq-beyin" oxu adlanan mexanizmin işi ilə izah edirlər. Mikrobiomdakı dəyişikliklər periferik immun sisteminə təsir edir ki, bu da öz növbəsində travmadan sonra beyindəki iltihab proseslərini tənzimləyir. Bu mexanizmdə iki növ faydalı bakteriya xüsusi rol oynayır, onlar hüceyrə bərpası proseslərini işə salır və bütün orqanizmdə iltihabı nəzarətdə saxlamağa kömək edir.
Alimlərin sözlərinə görə, neyroiltihabın azalması uzunmüddətli nəticələrə də malik ola bilər: o, potensial olaraq neyrodegenerativ xəstəliklərin, o cümlədən Altsheymer xəstəliyi və demensiyanın digər formalarının inkişaf riskini azaldır.
İşin növbəti mərhələsi aşkar edilmiş bakteriyaların terapevtik ştamlarının bio-mühəndislik yolu ilə yaradılması olacaq. Tədqiqatçılar ümid edirlər ki, bu cür metodlar bağırsaq mikrobiomunu məqsədyönlü şəkildə tənzimləməyə və bununla da travmalardan sonra beynin bərpasına kömək etməyə imkan verəcək.
Almaz Həsənli




















.jpg)
.jpg)
.jpg)



























































