ABŞ Venesuelanın müvəqqəti prezidentini cinayət təqibi ilə hədələyir

ABŞ Venesuelanın müvəqqəti prezidentini cinayət təqibi ilə hədələyir

10:37
Bəyəndim (2) Bəyənmədim (0)

ABŞ prezidentinin administrasiyası Venesuelanın müvəqqəti prezidenti Delsi Rodrigesə qarşı gizli şəkildə cinayət ittihamı layihəsi hazırlayır.

Oxuməni.az xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən yazır.

Agentliyin məlumatına görə, federal prokurorlar artıq xanım Rodrigesə bildiriblər ki, "əgər o, Trampın tələblərini yerinə yetirməyə davam etməsə", məhkəmə təqibi ilə üzləşəcək.

Reuters-in həmsöhbətlərinin dediyinə görə, cinayət işinin layihəsi 2021-2025-ci illər arasında PDVSA dövlət neft şirkətində korrupsiya və çirkli pulların yuyulması ittihamlarını əhatə edir. Bundan əlavə, ABŞ rəsmiləri Delsi Rodrigesə Venesuelanın ən azı yeddi keçmiş yüksək rütbəli partiya xadiminin, onların tərəfdaşlarının və ailə üzvlərinin ABŞ-a mümkün ekstradisiyası üçün həbs edilməli olan siyahısını təqdim ediblər.

Agentliyin nəşrinin şərhlərində ABŞ baş prokurorunun müavini Todd Blanş bunun "tamamilə yalan məlumat" olduğunu yazıb. Daha əvvəl Donald Tramp da Delsi Rodrigesi ABŞ ilə əməkdaşlığına görə açıq şəkildə tərifləmişdi.

Delsi Rodriges yanvarın 3-də ölkə prezidenti Nikolas Maduro və həyat yoldaşı ABŞ xüsusi təyinatlıları tərəfindən qaçırıldıqdan sonra Venesuelanın müvəqqəti lideri vəzifəsini tutub. Onlar ABŞ-a aparılıb və orada səlahiyyətdən sui-istifadə və mütəşəkkil narkotacir strukturlarına kömək etməkdə ittiham olunublar.

Almaz Həsənli