İran Çindən gəmi əleyhinə səsdən sürətli raketlər almağa yaxındır
İran rəsmiləri Çindən gəmi əleyhinə səsdən sürətli qanadlı raketlərin alınması barədə razılığa gəlməyə yaxındır. Oxuməni.az xəbər verir ki, bu barədə fevralın 24-də “Reuters” agentliyi danışıqların gedişindən xəbərdar olan altı mənbəyə istinadən məlumat yayıb. Bu məlumatın müstəqil təsdiqi yoxdur.
Söhbət 290 kilometrə yaxın uçuş məsafəsinə malik CM-302 (YJ-12-nin ixrac variantı) səsdən sürətli raketlərindən gedir. Raketlər aşağı hündürlükdə yüksək sürətlə uçaraq gəmilərin hava hücumundan müdafiə sistemlərini keçə bilirlər.
Silah ekspertlərinin fikrincə, belə raketlər İranın zərbə imkanlarını əhəmiyyətli dərəcədə gücləndirəcək və regionda ABŞ hərbi-dəniz qüvvələri üçün təhlükə yaradacaq.
İran və Çin ən azı iki il danışıqlar aparıblar, danışıqlar 2025-ci ilin iyununda İsrail və İran arasında baş tutan 12 günlük müharibədən sonra 2025-ci ilin yayında yekun mərhələyə keçib.
İranın nə qədər raket almağı planlaşdırdığı və onların nə vaxt təhvil veriləcəyi hələlik məlum deyil. Yaxın Şərqdə gərginliyin artması fonunda Çinin razılaşmanı yerinə yetirib-yetirməyəcəyi də aydın deyil.
İran Xarici İşlər Nazirliyi bildirib ki, ölkənin və onun müttəfiqlərinin müdafiə və təhlükəsizlik sahəsində razılaşmaları var və "indi bu razılaşmalardan istifadə etmək üçün münasib vaxtdır". Çin Xarici İşlər Nazirliyi isə raket satışı ilə bağlı danışıqlardan xəbərsiz olduğunu bildirib. Çin Müdafiə Nazirliyi jurnalistlərin şərh almaq üçün müraciətinə cavab verməyib.
Almaz Həsənli





















.jpg)
.jpg)
.jpg)


























































