Volvo batareya yanğını riski səbəbindən 40.000-dən çox elektrik avtomobillərini geri çağırır
İsveçli avtomobil istehsalçısı Volvo Cars, yüksək gərginlikli batareya modullarının həddindən artıq qızması və yanğın təhlükəsi səbəbindən 40323 ədəd EX30 elektrik krossoverini geri çağırıb.
Oxuməni.az-ın Reuters-ə istinadən verdiyi məlumata görə, söhbət EX30 Single-Motor Extended Range və Twin-Motor Performance modifikasiyalarından gedir. EX30 modeli, xüsusilə daha ucuz Çin brendləri ilə rəqabətdə Volvo-nun elektrikli avtomobil bazarındakı mövqeyini gücləndirmək strategiyasında əsas rol oynayır.
Şirkət bildirib ki, artıq problemdən təsirlənən bütün avtomobillərin sahibləri ilə əlaqə saxlayır ki, sonrakı addımları razılaşdırsın. Qüsur “Shandong Geely Sunwoda Power Battery Co.” birgə müəssisəsi tərəfindən istehsal olunan batareya elementləri ilə bağlıdır. Təchizatçı artıq problemi aradan qaldırıb və yeni batareya modulları təmin edəcək.
Volvo qüsurlu komponentləri pulsuz dəyişdirəcək. Təmirə qədər sahiblərə yanğın riskini minimuma endirmək üçün batareyanın şarjını 70%-ə qədər məhdudlaşdırmaları tövsiyə olunur. Dekabrdan etibarən şirkət, ABŞ, Avstraliya və Braziliya daxil olmaqla ondan çox ölkədə avtomobilləri binalardan uzaqda park etməyi də tövsiyə edib.
Xəbərin yayılmasından sonra Volvo-nun səhmləri təxminən 4% ucuzlaşıb. Reuters-in qiymətləndirməsinə görə, batareya modullarının dəyişdirilməsi logistika və təmir xərcləri nəzərə alınmadan təxminən 195 milyon dollara başa gələ bilər, baxmayaraq ki, şirkət bu hesablamaları spekulyativ adlandırıb.
Tarixən təhlükəsizliklə əlaqələndirilən Volvo markası üçün belə hadisələr xüsusilə həssasdır. Analitiklər vurğulayırlar ki, EX30 Volvo üçün strateji əhəmiyyət kəsb edir, buna görə də istehsalçı müştəri etimadını və elektrikli avtomobil bazarındakı nüfuzunu qorumaq üçün problemi tez və effektiv şəkildə həll etməlidir.
Almaz Həsənli
























































.jpg)
.jpg)
.jpg)






















