Vitkoff və Kuşner İranla danışıqlar aparmaq üçün Cenevrəyə gedəcəklər
ABŞ Prezidentinin xüsusi elçisi Stiven Vitkoff və Amerika liderinin kürəkəni Cared Kuşner bu həftə İranla danışıqların yeni mərhələsi üçün Cenevrəyə gəlməyi planlaşdırırlar. Bloomberg bu barədə mənbələrə istinadən məlumat verir.
Prezident Donald Trampın xüsusi elçisi və kürəkəni cümə axşamı günü İranla danışıqların növbəti mərhələsində iştirak edəcəklər. ABŞ və İran diplomatları son həftələrdə nüvə sazişi ilə bağlı razılığa gəlməyə çalışırlar. Lakin agentlik qeyd edir ki, Amerika ordusu Yaxın Şərqdə iki təyyarədaşıyan gəmi, qırıcı təyyarə və tanker təyyarəsi də daxil olmaqla əhəmiyyətli qüvvələr topladığı üçün ABŞ-ın zərbə endirmə ehtimalı hələ də qalır.
Fevralın 17-də Cenevrədə Omanın vasitəçiliyi ilə ABŞ-İran nüvə danışıqlarının ikinci mərhələsi keçirildi. İran Xarici İşlər Nazirliyi gələcək nüvə sazişinin layihəsinə daxil edilə biləcək bir sıra məsələlərdə qarşılıqlı anlaşma əldə edildiyini bildirdi. Vaşinqton məsləhətləşmələrin yaxşı keçdiyini, lakin Tehranın hələ Ağ Ev tərəfindən irəli sürülən bəzi mövqeləri qəbul etməyə hazır olmadığını bildirdi. ABŞ və İsrail əvvəllər İranın təkcə nüvə proqramından deyil, həm də ballistik raket istehsalından və Yaxın Şərqdə İranpərəst qüvvələri dəstəkləməkdən imtina etməsində israr etmişdilər.
Əziz Mustafa
























































.jpg)
.jpg)
.jpg)






















