İlk Mərkəzi Asiya-Koreya Respublikası Zirvə Görüşü 16-17 sentyabr tarixlərində keçiriləcək

İlk Mərkəzi Asiya-Koreya Respublikası Zirvə Görüşü 16-17 sentyabr tarixlərində keçiriləcək

11:18
Bəyəndim (2) Bəyənmədim (0)

Birinci Mərkəzi Asiya-Koreya Respublikası Zirvə Görüşü 16-17 sentyabr tarixlərində Seulda keçiriləcək. KBS World-ün məlumatına görə, Cənubi Koreya Xarici İşlər Naziri Ço Hyun bu barədə 12 fevralda tədbirin təşkilat komitəsinin iclasında məlumat verib.

Zirvə Görüşündə Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistan dövlət başçıları iştirak edəcək.

Ço Hyun qeyd edib ki, qarşıdan gələn görüş Cənubi Koreya üçün mühüm tədbir olacaq və Seulun "Yeni Şimal Siyasəti"ni həyata keçirmək səylərini davam etdirməklə ölkənin diplomatik üfüqlərini genişləndirməsinə imkan verəcək.

Yonhap agentliyinin məlumatına görə, "Yeni Şimal Siyasəti" sabiq prezident Mun Çje İnin Avrasiyada sülh və ortaq rifah konsepsiyası çərçivəsində Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı gücləndirməyə yönəlmiş təşəbbüsüdür.

Cənubi Koreyanın xarici işlər naziri bildirib ki, "Bu sammitin məqsədi təkcə Mərkəzi Asiya ölkələri ilə təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirmək deyil, həm də regionun geoiqtisadi əhəmiyyətindən istifadə etməklə təchizat zəncirlərinin şaxələndirilməsi də daxil olmaqla qarşılıqlı faydalı praktiki əməkdaşlığın təməlini qoymaqdır".

"The World Korea" qəzeti xəbər verir ki, Cənubi Koreya hökuməti qarşıdan gələn sammitdən aşağıdakı sahələrdə əməkdaşlığı inkişaf etdirmək üçün bir fürsət kimi istifadə etmək niyyətindədir:

  • Əhəmiyyətli minerallar və enerji sahəsində tərəfdaşlıq;
  • Sənaye və rəqəmsal transformasiya;
  • Nəqliyyat və logistika əlaqələri;
  • Müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq;
  • Kənd təsərrüfatı, iqlim və səhiyyə sahəsində əməkdaşlıq.

2025-ci ilin dekabr ayında Tokioda ilk Mərkəzi Asiya-Yaponiya sammiti keçirilib.

Əziz Mustafa