"Vətəndaş müqaviləsi" partiyası Ermənistanın baş nazirliyə namizədlərini açıqlayıb
Baş nazir Nikol Paşinyanın "Vətəndaş müqaviləsi" partiyası səsvermənin ilk mərhələsindən sonra Ermənistan hökumətinin başçısı vəzifəsinə namizədləri açıqlayıb. Səsvermə fevralın 13-dən 15-dək partiyanın mərkəzi ofisində keçirilib.
Oxuməni.Az-ın Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, ilkin siyahıya baş nazir Nikol Paşinyan (894 səs), müdafiə naziri Suren Papikyan (780), iqtisadiyyat naziri Gevorq Papoyan (765), xarici işlər naziri Ararat Mirzoyan (743), deputat Vaaqn Aleksanyan (697), parlamentin vitse-spikeri Ruben Rubinyan (687), baş nazirin aparat rəhbəri Arayik Arutyunyan (668), "Vətəndaş müqaviləsi" fraksiyasının rəhbəri Hayk Konjoryan (663), parlamentin spikeri Alen Simonyan (628) və əmək naziri Arsen Torosyan (620) daxil olub.
Namizəd martın sonunda keçiriləcək yekun səsvermədə müəyyən ediləcək. Qeyd edək ki, Paşinyan ilkin səsvermənin nəticələrinə görə 894 səs toplayaraq digər namizədləri qabaqlayıb. Seçki siyahısında ikinci yerdə 780 səs toplayan müdafiə naziri Papikyan qərarlaşıb.
Xatırladaq ki, Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək.
Almaz Həsənli














































































