Banqladeşdəki seçkilərdə Milliyyətçi Partiya qalib gəldi

Banqladeşdəki seçkilərdə Milliyyətçi Partiya qalib gəldi

13:03
Bəyəndim (2) Bəyənmədim (0)


Banqladeş Milliyyətçi Partiyasının (BMP) rəhbərlik etdiyi koalisiya, ölkədə fevralın 12-də keçirilən kütləvi etirazlardan sonra ilk parlament seçkilərində qalib gəlib.
Oxuməni.az-ın CNN-ə istinadən verdiyi məlumata görə, səslərin sayılması nəticəsində Milliyyətçi Partiya və onun koalisiya müttəfiqləri parlamentdəki 300 yerdən 209-nu qazanacaqlar.
BMP qələbəsi şərəfinə bayram tədbirləri keçirməyəcəyini bəyan edib və Banqladeş sakinlərini ölkənin və xalqının rifahı üçün dua etməyə çağırıb.
İkinci yeri ən böyük islamçı partiya olan "Camaat-i-İslami"nin rəhbərlik etdiyi koalisiya tutub ki, onun da parlamentdə 68 yeri olacaq.
2024-cü ildə kütləvi etirazlar təşkil edən tələbə liderləri tərəfindən yaradılan Milli Vətəndaş Partiyası, "Avami Liq" partiyasının hakimiyyətdən uzaqlaşdırılması ilə nəticələnən etirazlar nəticəsində 30 mandat qazanacaq.
BMP-yə Banqladeşin keçmiş prezidenti Ziyaur Rəhmanın oğlu və Banqladeşin ilk qadın baş naziri Xaleda Ziyanın oğlu Tariq Rəhman rəhbərlik edir. O, 2008-ci ildə "Avami Liq" partiyasının Banqladeşdə hakimiyyətə gəlməsindən bəri sürgündə yaşayırdı. Tariq Rəhmanın ölkənin yeni baş naziri olacağı gözlənilir.
Parlament seçkiləri ilə eyni vaxtda Banqladeşdə konstitusiya islahatları ilə bağlı referendum keçirilib. Referendumda irəli sürülən məsələlər arasında seçkilər dövrü üçün neytral müvəqqəti hökumətin yaradılması, ikipalatalı parlamentin formalaşdırılması, qadınların hakimiyyət orqanlarında təmsilçiliyinin artırılması və baş nazirin səlahiyyət müddətinin iki dövrə məhdudlaşdırılması var idi. Referendumun nəticələri hələ rəsmi olaraq elan edilməyib, lakin yerli media seçicilərin 70%-dən çoxunun "lehinə" səs verdiyini bildirib.
Almaz Həsənli