Keçmiş daxili işlər naziri çevrilişdə iştirakına görə yeddi il müddətinə azadlıqdan məhrum edilib

Keçmiş daxili işlər naziri çevrilişdə iştirakına görə yeddi il müddətinə azadlıqdan məhrum edilib

14:41
Bəyəndim (2) Bəyənmədim (0)


Seul Mərkəzi Rayon Məhkəməsi Cənubi Koreyanın keçmiş daxili işlər naziri Li San Min yeddi il müddətinə azadlıqdan məhrum edilib. Yonhap agentliyinin məlumatına görə, o, 2024-cü ildə çevrilişdə iştirak etməkdə günahkar bilinib.

2024-cü ilin dekabr ayında Cənubi Koreyanın keçmiş prezidenti Yun Sok-Yul ölkədə hərbi vəziyyət elan edib. O, bu qərarı ölkədə "konstitusiya quruluşunu qorumaq və Şimali Koreya tərəfdarlarının kökünü kəsmək" üçün zəruri hesab edib. Hərbi vəziyyət ertəsi gün ləğv edilib. Yun Sok-Yul çevriliş təşkil etməkdə ittiham olunub və qanunvericilər impiçment proseduruna başlayıblar. 2026-cı ilin yanvar ayında məhkəmə Yun Sok-Yulu ədalət mühakiməsinə mane olmaq ittihamı ilə beş il müddətinə azadlıqdan məhrum edib.

Məhkəmənin məlumatına görə, ölkədə baş verən çevriliş cəhdi zamanı 61 yaşlı Li San Min polis və yanğınsöndürənlərə media ofislərinin elektrik və su təchizatını kəsməyi əmr edib. Hakim dinləmə zamanı bildirib ki, "Hökuməti tənqid edən mediaya qarşı fiziki güc tətbiqi üsyana qarşı ictimai müqaviməti zəiflədir və sui-qəsdin həyata keçirilməsini asanlaşdırır". Keçmiş nazir ittihamları rədd edir.

Prokurorlar Li San Min üçün "üsyanın təşkilində həlledici rolu"nu əsas gətirərək 15 il həbs cəzası istəyiblər. Keçmiş daxili işlər naziri 2025-ci ilin avqust ayından bəri həbsdədir. O, prezident Yun Sok-Yulun kabinetinin çevriliş işində məhkum edilən ikinci üzvüdür. Yanvar ayında məhkəmə Cənubi Koreyanın keçmiş Baş naziri Han Dek-suya 23 il həbs cəzası verib.
Əziz MUSTAFA