Zelenski: Yeni danışıqlar fevralın 17-18-də ABŞ-da planlaşdırılır

Zelenski: Yeni danışıqlar fevralın 17-18-də ABŞ-da planlaşdırılır

11:44
Bəyəndim (3) Bəyənmədim (0)


Rusiya, Ukrayna və ABŞ nümayəndə heyətləri arasında müharibənin dayandırılması ilə bağlı danışıqların növbəti raundu fevralın 17 və 18-də Birləşmiş Ştatlar ərazisində keçiriləcək. Oxuməni.az xəbər verir ki, bu barədə çərşənbə günü Ukrayna prezidenti Vladimir Zelenski “Bloomberg” agentliyinə verdiyi şərhlərdə bildirib.
Onun sözlərinə görə, o, artıq Vaşinqton nümayəndələrinin müvafiq təklifini qəbul edib. Lakin “Bloomberg” qeyd edir ki, Rusiyanın ABŞ-dakı bu görüşə razılaşıb-razılaşmayacağı hələ bəlli deyil.
Agentliyin fərziyyəsinə görə, danışıqların yeni raundu çərçivəsində ölkələrin nümayəndələri "mürəkkəb ərazi məsələsinə diqqət yetirəcək" və ABŞ-ın Donbasda bufer "azad iqtisadi zona" yaratmaq təklifini müzakirə edəcəklər. Ukrayna prezidentinin sözlərinə görə, hər iki müharibə edən tərəf bu Amerika ideyasına şübhə ilə yanaşır. "Bizim buna fərqli baxışlarımız var. Və aşağıdakılar barədə razılığa gəldik: gəlin növbəti görüşdə bunun necə görünə biləcəyi ilə bağlı bir baxışla qayıdaq", - Zelenski “Bloomberg” agentliyinə bildirib.
Fevralın 7-də jurnalistlərlə görüşdə Ukrayna prezidenti bildirmişdi ki, Vaşinqton Kiyev və Moskvanın nümayəndə heyətlərinə fevralın 9-dan başlayan həftədə Mayamidə yeni danışıqlar raundu keçirməyi təklif edib və o, o zaman da bu təklifi qəbul edib. Zelenskinin sözlərinə görə, Birləşmiş Ştatlar müharibəni yayın əvvəlinə qədər başa çatdırmağı təklif edir, çünki iyun ayından etibarən onların başqa bir prioriteti - Konqres seçkiləri olacaq.
Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə iki raund qapalı danışıqlar keçiriblər. Birincisi yanvarın 23-24-də, ikincisi isə fevralın 4-5-də baş tutub. Fevralın 5-də Kiyev və Moskva növbəti əsir mübadiləsini razılaşdırıblar. Ukraynada müharibənin başa çatdırılması yolunda yenidən heç bir irəliləyiş əldə olunmayıb.
Almaz Həsənli