Almaniya Xarici İşlər Naziri Orta Asiya ölkələrinə sərt xəbərdarlıq etdi

Almaniya Xarici İşlər Naziri Orta Asiya ölkələrinə sərt xəbərdarlıq etdi

08:00
Bəyəndim (2) Bəyənmədim (0)

Mərkəzi Asiya ölkələri Rusiyaya qarşı sanksiyaların tətbiqində Avropa Birliyini dəstəkləməlidirlər. Onlar həmçinin Ukraynanı dəstəkləməkdə Aİ-nin tərəfini tutmalıdırlar.

Bu barədə Almaniya Xarici İşlər Naziri Yohann Vadeful NTV-də verdiyi açıqlamada deyib.

Vadeful Türkmənistan, Tacikistan, Qırğızıstan, Özbəkistan və Qazaxıstan xarici işlər nazirləri ilə görüşdən əvvəl bildirib ki, Orta Asiya dövlətləri birmənalı şəkildə Aİ-nin tərəfini tutmalıdırlar.

Nazir xatırladıb ki, Aİ hərbi maşınını cilovlamaq üçün Rusiyaya qarşı genişmiqyaslı sanksiyalar tətbiq edib. Lakin Mərkəzi Asiya ölkələri Rusiyanın Avropa məhdudiyyətlərini aşmasına imkan verirlər.

"Bu gün mən bunu aydınlaşdırmaq istəyirəm: bu sanksiyalardan yayınmaq cəhdləri Rusiyanın işğal müharibəsini dəstəkləyir və beləliklə, Avropa Birliyinin təhlükəsizlik maraqlarını birbaşa təhdid edir", - deyə o, yekunlaşdırdı.

Bu arada, 6 fevralda Avropa Komissiyasının Rusiyaya qarşı 20-ci sanksiya paketi hazırladığı açıqlandı. Bu paket Ukraynanın tammiqyaslı işğalının dördüncü ildönümünə qədər təsdiqlənə bilər.

Digər tədbirlərlə yanaşı, Avropa Komissiyası Rusiya ilə əlaqəli hər hansı kriptovalyuta əməliyyatlarına tamamilə qadağa qoyulmasını təklif etdi. Bu addım Moskvanın sanksiyalardan yayınmaq yollarını kəsmək məqsədi daşıyır.

Aİ xarici işlər naziri Kaja Kallas Rusiyaya qarşı 20-ci sanksiya paketinin 24 fevralda - Rusiyanın Ukraynanın tammiqyaslı işğalının dördüncü ildönümündə qəbul edilməsinin planlaşdırıldığını açıqladı.

Əziz Mustafa