Avropa Şurası keçmiş baş katib Yaqlandın Epşteynlə əlaqələrinin araşdırılması üçün toxunulmazlığını ləğv edib
Avropa Şurası Nazirlər Komitəsi Norveçin tələbi ilə təşkilatın keçmiş baş katibi Turbyorn Yaqlandın toxunulmazlığını ləğv edib. Bu qərar amerikalı milyarder Cefri Epşteynin işinin dərcindən sonra ortaya çıxan korrupsiya şübhələrinin araşdırılması üçün verilib.
Oxuməni.az-ın məlumatına görə, bu barədə Avropa Şurasının mətbuat xidməti bildirib.
Kommunikedə qeyd olunur ki, hazırkı baş katib Alen Berse hələ 2025-ci ilin noyabrında vəziyyətin və faktların aydınlaşdırılması üçün qeyri-rəsmi daxili araşdırmaya başlayıb. Bu araşdırma yanvarda başa çatıb.
Berse bildirib ki, üzv ölkələrə Yaqlandın toxunulmazlığının ləğvini dəstəkləməyi tövsiyə edib.
Bundan əlavə, Alen Berse Daxili Nəzarət Direktorluğuna Epşteyn qalmaqalı kontekstində Avropa Şurası çərçivəsində hər hansı çatışmazlıqların və səhvlərin olub-olmadığını araşdırmağı tapşırıb.
"Daxili nəzarət direktorunun qərarını və ya araşdırma və ya auditin nəticələrini gözləmədən, paralel olaraq institusional təcrübələrimizin hərtərəfli nəzərdən keçirilməsinə başlayacağam", – Avropa Şurasının baş katibi elan edib.
Norveçin İqtisadi Cinayətlər və Ətraf Mühit Cinayətləri Araşdırma Agentliyinin (Økokrim) araşdırması çərçivəsində Yaqlandın Avropa Şurasının baş katibi (2009-2019-cu illər) və Nobel Komitəsinin sədri (2009-2015-ci illər) vəzifələrində olduğu dövrdə hədiyyələr, kreditlər və ödənişli səfərlər şəklində hər hansı şübhəli faydalar alıb-almadığı yoxlanılacaq.
Norveç, Epşteyn işinin milyonlarla səhifəsinin dərcinin ən böyük qalmaqala səbəb olduğu ölkələrdən biridir. Yaqlanddan başqa, şahzadə Mette-Maritdə də ciddi imic problemləri yaranıb.
Almaz Həsənli




























.jpg)
.jpg)
.jpg)





























.jpg)
.jpg)
.jpg)


















