Almaniyada miqrantların dil kurslarına qəbulu dayandırılıb

Almaniyada miqrantların dil kurslarına qəbulu dayandırılıb

11:44
Bəyəndim (3) Bəyənmədim (0)


2025-ci ilin dekabr ayından etibarən Almaniyada miqrantların alman dilinin tədris olunduğu yeni inteqrasiya kurslarına qəbulu faktiki olaraq dayandırılıb. Oxuməni.az xəbər verir ki, “Correctiv” nəşrinin məlumatına görə, Federal Miqrasiya və Qaçqınlar İdarəsi (Bamf) bu cür kurslarda iştirak üçün yeni müraciətləri müvəqqəti olaraq təsdiqləmir.
Bu barədə idarənin 22 yanvar tarixli, dil kurslarının təşkilatçılarına ünvanlanmış və jurnalistlərin əlinə keçən açıq məktubunda deyilir. “Correctiv”-in məlumatına görə, təşkilatçılar əvvəlcədən xəbərdar edilməyiblər. Bunun əvəzinə, onlara qəfildən potensial iştirakçılarının müraciətlərinə baxılmasının qeyri-müəyyən müddətə dondurulduğu bildirilib.
"İttifaq 90/Yaşıllar" partiyasının deputat sorğusuna cavab olaraq, Federal Daxili İşlər Nazirliyi inteqrasiya kurslarında iştirak üçün müraciətlərin "daxili yoxlamadan keçdiyini" və hələlik "bu prosesin nə qədər davam edəcəyini və qəbul haqqında yekun qərarın nə vaxt veriləcəyini dəqiq deməyin mümkün olmadığını" dəqiqləşdirib.
Almaniya Federativ Respublikasının mövcud qanunvericiliyinə əsasən, müəyyən kateqoriyalı əcnəbilər, xüsusilə qaçqınlar və əmək miqrantları, Almaniyada uzun müddət yaşadıqda inteqrasiya kurslarından keçmək hüququna malikdirlər.
Müvəqqəti müdafiə statusu olan Ukrayna vətəndaşları, sığınacaq üçün müraciətləri hələ baxılmamış şəxslər və ölkəni tərk etməli olan, lakin müvəqqəti olaraq qalma icazəsi (alm. Duldung) almış şəxslər daxil olmaqla digər qruplar, boş yerlər olduqda kurslara qəbul oluna bilərlər.
Almaniya Xalq Universitetləri Birliyi (DVV) Bamf-ın qərarı səbəbindən yaranan "dramatik" vəziyyətdən danışır. Təşkilat nümayəndələrinin sözlərinə görə, yeni kurslar son dərəcə məhdud sayda iştirakçı ilə başlayır və bir çox istəkli şəxs müddətlər haqqında heç bir məlumat olmadan gözləməyə məcburdur.
DVV nümayəndəsi Saşa Reks bildirib: "Biz görürük ki, insanların sürətli inteqrasiyasına faktiki olaraq mane olunur və ya bu proses izahat verilmədən uzadılır".
Almaz Həsənli