“Qiyamət Saatı”: Nüvə apokalipsisi maksimum dərəcədə yaxındır

“Qiyamət Saatı”: Nüvə apokalipsisi maksimum dərəcədə yaxındır

11:33
Bəyəndim (2) Bəyənmədim (0)


Simvolik “Qiyamət Saatı”nın əqrəbləri daha 4 saniyə irəli çəkilib və 23:58:35-də, yəni bəşəriyyət üçün qlobal fəlakəti simvolizə edən "nüvə gecəyarısı"na 85 saniyə qalmış dayandırılıb. Oxuməni.az-ın “Deutsche Welle”yə istinadən verdiyi məlumata görə, bu barədə çərşənbə axşamı, demək olar ki, 80 ildir bu layihəni həyata keçirən Amerika jurnalı "Atom Alimləri Bülleteni" (Bulletin of the Atomic Scientists) məlumat verib.
Jurnalın rəhbəri Aleksandra Bell bildirib ki, "alimlər 2025-ci ildə bəşəriyyətin ekzistensial risklərin aradan qaldırılmasında əhəmiyyətli irəliləyiş əldə etmədiyi qənaətinə gəliblər". Onun sözlərinə görə, risklər artmaqda davam edir, beynəlxalq əməkdaşlıq isə zəifləyir. Bell vurğulayıb ki, "vaxtımız demək olar ki, qalmayıb".
23:58:35 göstəricisi layihənin mövcud olduğu dövrdən bəri ən pis göstəricidir. 2023-cü ildə “Qiyamət Saatı” Ukraynadakı müharibənin mümkün nüvə eskalasiyası təhlükəsi səbəbindən "gecəyarısı"na 90 saniyə qalmışa, 2025-ci ildə isə daha bir saniyə irəli çəkilmişdi.
"Qiyamət Saatı" layihəsinin müəllifləri xatırladıblar ki, cəmi bir il əvvəl onlar qlobal fəlakətə yaxın vəziyyət barədə xəbərdarlıq etmişdilər, lakin Rusiya, Çin və ABŞ kimi aparıcı dünya ölkələri onlara qulaq asmamış, əksinə, onların hərəkətləri daha da "aqressiv, qarşıdurmalı və millətçi" olmuşdu.
"Qiyamət Saatı" layihəsi 1947-ci ildə Çikaqo Universitetində ilk Amerika nüvə bombasının yaradıcıları tərəfindən başladılıb. O zaman saat "gecəyarısı"na 7 dəqiqə qalmışa qurulmuşdu. Layihənin bütün tarixi ərzində əqrəblərin "gecəyarısı"ndan ən uzaq mövqeyi 1991-ci ildə qeydə alınıb ki, bu da soyuq müharibənin sonunu və Rusiya ilə ABŞ arasında strateji silahların azaldılması müqaviləsinin imzalanmasını əlamətdar edib.
Almaz Həsənli