ABŞ Suriyadan bütün qoşunlarını çıxarmağı nəzərdən keçirir
Vaşinqton ABŞ-ın dəstəklədiyi kürdlərdən ibarət Suriya Demokratik Qüvvələrinin (SDQ) məğlubiyyətindən sonra öz qoşunlarının Suriyadan tamamilə çıxarılması imkanını nəzərdən keçirir. Bu barədə "The Wall Street Journal" amerikalı rəsmilərə istinadən məlumat yayıb.
Keçən həftə Suriya hökumət qüvvələri hücum zamanı kürd qüvvələrinin nəzarətində olan ərazilərin bir hissəsini, xüsusən də Suriyanın ən böyük neft yatağı olan Ömər və Dəyirəzzor vilayətindəki Konoko qaz yatağını, ölkənin Fərat çayı üzərindəki ən böyük bəndini və Rəqqə yaxınlığındakı strateji əhəmiyyətli Təbə şəhərini ələ keçirib. WSJ-nin yazdığına görə, hökumət qüvvələrinin uğurlu hücumu SDQ-ni dəstəkləyən ərəb tayfalarının Suriya hakimiyyəti tərəfinə keçməsi ilə əlaqədardır.
Yanvarın 18-də Suriyanın keçid dövrü prezidenti Əhməd əş-Şara atəşkəs və SDQ personalının mərhələli şəkildə hökumət ordusuna inteqrasiyası haqqında saziş imzalayıb. Sazişə həmçinin İŞİD üzvlərinin düşərgələri və həbsxanalara görə məsuliyyətin tamamilə Suriya hökumətinə keçməsi də daxildir.
Suriyadakı Amerika kontingentinin əsas missiyası İŞİD terrorçularına qarşı mübarizədir. WSJ-nin məlumatına görə, ölkədə təxminən 1000 amerikalı hərbçi var, onların əksəriyyəti SDQ qüvvələri ilə birlikdə Suriyanın şimal-şərqindəki obyektlərdə yerləşir. Həmçinin, az sayda ABŞ hərbçisi cənubdakı Ət-Tənf bazasında yerləşdirilib.
Üç amerikalı rəsmilərin sözlərinə görə, Pentaqon SDQ-nin məğlubiyyətindən sonra Suriyadakı Amerika missiyasının "həyat qabiliyyətinə" şübhə ilə yanaşır. Kürd qüvvələri hələ də çox sayda kürdün yaşadığı Kobani və Həsəkə şəhərlərinə nəzarət edir, lakin əgər SDQ tamamilə buraxılsa, Vaşinqton missiyanın davam etdirilməsində məna görmür.
Bu qərarı təsir edən amillərdən biri Suriya hökumət qüvvələri ilə əməkdaşlığın çətinliyidir: WSJ-nin iki mənbəsinin bildirdiyinə görə, orada xidmət edənlərin bir çoxu İŞİD və "Əl-Qaidə" ilə əlaqəlidir və ya kürdlərə və druzlara qarşı müharibə cinayətlərində iştirak edib.
Kürd qüvvələrinə qarşı əməliyyat zamanı hökumət qüvvələri Amerika hərbçilərinin yerləşdiyi obyektə yaxınlaşıb, iki rəsmi şəxs bildirib. Onlardan biri ABŞ hərbçilərinin bu dövrdə ən azı bir Suriya istehsalı pilotsuz təyyarəsini vurduğunu qeyd edib.
ABŞ qoşunlarının çıxarılması barədə potensial qərarı təsir edən daha bir məsələ, hökumət qüvvələrinin bu əraziləri ələ keçirməsindən sonra Suriyanın şimal-şərqində saxlanılan İŞİD üzvlərinin statusudur. Yanvarın 21-də ABŞ hərbçiləri İŞİD döyüşçülərini Həsəkədəki təcridxanadan İraqa köçürməyə başlayıblar. Ümumilikdə, ABŞ qüvvələri İraq nəzarətində olan obyektlərə 7 minə qədər İŞİD üzvünü köçürə bilər. WSJ və Reuters mənbələri bildiriblər ki, keçən həftə Şəddadi həbsxanasından 200 İŞİD döyüşçüsü qaçıb, SDQ qüvvələri şəhərdən çəkildikdən sonra. Qaçanlar hökumət qüvvələri tərəfindən yaxalanıb.
ABŞ-ın bütün qoşunlarını Suriyadan çıxarmaq planları barədə NBC hələ ötən ilin fevralında xəbər vermişdi. Aprel 2025-ci ildə “The New York Times” Amerika qüvvələrinin ölkədən çıxarılmasının başlanması barədə yazıb. İyunun əvvəlinə qədər Suriyanı təxminən 500 Amerika hərbçisi tərk edib, həmçinin ABŞ qüvvələri iki bazanı bağlayıb və daha birinin nəzarətini SDQ -yə təhvil verib.
Almaz Həsənli





























































.jpg)
.jpg)
.jpg)


















