London uşaqlar üçün sosial şəbəkələrə qadağa qoymağı nəzərdən keçirir
Böyük Britaniyanın hakimiyyət orqanları uşaqların internetdə daha yaxşı qorunması məqsədilə müxtəlif tədbirləri, o cümlədən, Avstraliyanın yaxın zamanda etdiyi kimi, azyaşlılar üçün sosial şəbəkələrə qadağa qoymağı nəzərdən keçirir. Həmçinin, məktəblərdə mobil telefonlardan istifadəyə dair daha sərt tövsiyələr də öyrənilən imkanlar arasındadır. Oxuməni.az-ın "Deutsche Welle"yə istinadla verdiyi xəbərə görə, bu barədə bazar ertəsi London hökuməti məlumat verib.
Elm, innovasiya və texnologiyalar naziri Liz Kendallın sözlərinə görə, mövcud qanunlar heç vaxt bu sahənin tənzimlənməsində son söz kimi qəbul edilməyib. "Məhz buna görə də mən əlavə tədbirlər görməyə hazıram", - deyə o bildirib.
Kanberranın təcrübəsini öyrənmək üçün Britaniya hökuməti nazirləri Avstraliyaya göndərməyi planlaşdırır. Avstraliya bir ay əvvəl 16 yaşdan kiçik uşaqlar üçün sosial şəbəkələrə qadağa qoyan ilk ölkə olub.
Uşaqların smartfonlara və sosial şəbəkələrə həddindən artıq bağlılığının onların ruhi sağlamlığına mənfi təsir etməsi ilə bağlı narahatlıqlar digər ölkələrdə də mövcuddur. Belə ki, ötən həftə Danimarka 15 yaşdan kiçik uşaqlar üçün sosial şəbəkələrdən istifadəyə qadağa qoymaq planlarını açıqlayıb. Avropa səviyyəsində isə Avropa Komissiyası yaxın zamanda YouTube və Snapchat kimi platformaların rəqəmsal xidmətlər haqqında qanunun (DSA) azyaşlıların qorunması tələblərinə uyğun olub-olmadığını yoxlayacağını elan edib.
Almaz Həsənli

















































































.jpg)


