Gürcüstanın sabiq baş naziri Qaribaşviliyə beş il həbs cəzası verildi

Gürcüstanın sabiq baş naziri Qaribaşviliyə beş il həbs cəzası verildi

10:38
Bəyəndim (2) Bəyənmədim (0)


Gürcüstanın sabiq baş naziri İrakli Qaribaşvili prokurorluqla təqsirini etiraf etməsi barədə razılığa gəlib və ölkənin Cinayət Məcəlləsinin qanunsuz zənginləşmə, qanunsuz maddi fayda əldə etmə və ya cinayət yolu ilə əldə edilmiş əmlaka sahib olma maddəsi üzrə beş il müddətinə azadlıqdan məhrum edilib. Oxuməni.az-ın xəbərinə görə, bu barədə Gürcüstan Baş Prokurorluğu bazar ertəsi günü "Facebook" sosial şəbəkəsində məlumat yayıb.
Qeyd olunur ki, Qaribaşviliyə 1 milyon lari (təxminən 632 000 manat) məbləğində cərimə ödəmək də tapşırılıb. "Bundan əlavə, o, cinayət fəaliyyəti nəticəsində əldə edilmiş, mənzilində aparılan axtarış zamanı müsadirə edilmiş pul vəsaitlərini dövlətin xeyrinə itirəcək", - deyə Baş Prokurorluq bildirir. "İrakli Qaribaşvili törətdiyi cinayəti etiraf edir və təqsirini etiraf etməsi barədə razılığın şərtləri ilə razılaşır", - deyə postda əlavə olunur.
İrakli Qaribaşvili Gürcüstanın baş naziri vəzifəsində 2013-2015-ci illərdə, daha sonra isə 2021-ci ilin fevralından 2024-cü ilin yanvarına qədər çalışıb. 2019-2021-ci illərdə ölkənin müdafiə naziri olub. 2024-cü ilin yanvarında hökumət başçısı postundan istefa verdikdən qısa müddət sonra Qaribaşvili "Gürcü arzusu" partiyasının sədri olub.
2025-ci ilin oktyabrında Baş Prokurorluq ona xüsusilə böyük miqdarda qanunsuz gəlirlərin leqallaşdırılması ittihamını irəli sürüb. RBK onlayn nəşrinin xatırlatdığına görə, istintaqın məlumatına əsasən, baş nazir və müdafiə naziri vəzifələrində olarkən Qaribaşvili sahibkarlıq fəaliyyəti ilə məşğul olub və qanunsuz gəlirlər əldə edib, daha sonra isə onları saxta əməliyyatlar və ailə üzvlərinin adına rəsmiləşdirilmiş əmlak vasitəsilə leqallaşdırıb.
Almaz Həsənli