Rza Pəhləvi İrana qayıtmağa hazır olduğunu bildirib

Rza Pəhləvi İrana qayıtmağa hazır olduğunu bildirib

10:42
Bəyəndim (2) Bəyənmədim (0)


İran şah sülaləsinin varisi şahzadə Rza Pəhləvi, "ilk fürsətdə" İslam Respublikasına qayıtmağa hazır olduğunu və artıq bunun planlarını qurduğunu bildirib. O, əlavə edib ki, İranda sonuncu dəfə 1978-ci ildə olub.
"Çox vaxt keçib, amma mən tezliklə orada (İranda – red.) olacağam", - Rza Pəhləvi “Fox News”-a müsahibəsində deyib. O, ölkədə hakimiyyət dəyişikliyi baş verərsə, İranda keçid rejiminə rəhbərlik etməyə hazır olduğunu bildirib.
Rza Pəhləvi, 1979-cu ildə İslam inqilabı zamanı devrilmiş İran şahı Məhəmməd Rza Pəhləvinin oğludur. O zaman 19 yaşlı Rza Pəhləvi ABŞ-da hərbi təyyarəçi kimi təhsil alırdı. O, indiyə qədər də Birləşmiş Ştatlarda yaşayır.
Dekabrın sonunda İranda milli valyutanın devalvasiyası və qiymətlərin artması səbəbindən etiraz aksiyaları başlayıb. Aksiya iştirakçıları siyasi rejimin dəyişdirilməsini və Rza Pəhləvinin hakimiyyətə gəlməsini tələb edirlər. O, ölkədə hakimiyyətin güclə ələ keçirilməsinə çağırıb. İran hakimiyyəti iğtişaşların təşkilində ABŞ və İsraili ittiham edib.
Almaz Həsənli