İsveçrədə 40 nəfərin öldüyü barın sahibi həbs olundu

İsveçrədə 40 nəfərin öldüyü barın sahibi həbs olundu

11 Yanvar 14:12
Bəyəndim (0) Bəyənmədim (0)

Yeni il gecəsi baş verən yanğında 40 nəfərin öldüyü Alp dağlarındakı Crans-Montana kurortundakı Le Constellation barının sahibi, 49 yaşlı Jak Moretti, prokurorluq tərəfindən dindirildikdən sonra həbs edildi. İsveçrənin 24 Heures qəzeti mənbələrə istinadən xəbər verir ki, o, qaçmaq riski səbəbindən həbsdə saxlanılıb.

Morettinin həbsi 9 yanvarda uzun bir dindirmədən sonra baş verib. Bar sahibindən əlavə, onun həyat yoldaşı və həmsahibi Cessika da dindirilib.

Qəzetin məlumatına görə, bu addım müstəntiqlərin mövqeyində dəyişiklik əlamətidir: 4 yanvarda polisin mətbuat açıqlamasında bildirilirdi ki, Morettinin ilkin həbsi üçün heç bir aşkar əsas yoxdur - o cümlədən ədalət mühakiməsindən yayınma riski - və buna görə də təqsirləndirilən şəxslərə qarşı heç bir məcburi tədbir görülmür.

24 Heures xəbər verir ki, Moretti və həyat yoldaşı 40 nəfərin həyatına son qoyan yanğınla əlaqədar adam öldürmə, səhlənkarlıq nəticəsində bədən xəsarəti yetirmə və səhlənkarlıq nəticəsində yanğın törətməkdə şübhəli bilinirlər.

İlkin araşdırmalara görə, Le Constellation barında baş verən yanğın barmenlərin atəşfəşanlıq yandırmasından və nəticədə tavanda səs izolyasiya edən köpük alışmasından sonra baş verib. Bütün bina bir dəqiqədən az müddətdə alov içində qalıb. 116 nəfər yaralanıb.

Crans-Montana, İsveçrənin cənub-qərbindəki Alp dağlarının ətəyində yerləşən xizək kurortudur. Burada yürüş və velosiped yolları, 160 km xizək yamacları və qonşu Sierre şəhərinə funikulyor var. Kurort müxtəlif beynəlxalq idman yarışlarına ev sahibliyi edib.

Əziz MUSTAFA