Cənubi Koreya yüksək sürətli qatarların sürətinə görə Yaponiyanı və Fransanı qabaqlayacaq
Cənubi Koreya, saatda 370 km-ə qədər sürətə çata bilən yeni EMU-370 yüksək sürətli qatarı üçün əsas texnologiyaların hazırlanmasını başa çatdırıb.
Bu barədə Oxuməni.az “Yonhap News Agency”-ə istinadən məlumat verib.
EMU-370 layihəsi milli elmi-tədqiqat və təcrübi-konstruktor işləri (ETKİ) proqramı çərçivəsində həyata keçirilib. Qatarın texniki həddi saatda 407 km-dir ki, bu da onu 2027-ci ildə saatda 400 km-ə çatmağı planlaşdıran Çinin CR450 qatarından sonra sürət göstəricilərinə görə dünyada ikinci edəcək. Müqayisə üçün qeyd edək ki, Fransada, Almaniyada və Yaponiyada mövcud yüksək sürətli qatarlar təxminən saatda 320 km sürətə nail olur.
EMU-370-in ilk vaqonlarının istehsalı gələn il, test əməliyyatları isə 2030-cu ildə başlayacaq. Kommersiya istismarı 2031-ci ildən sonra planlaşdırılır.
Qatarın hazırlanması aprel 2022-ci ildən dekabr 2025-ci ilədək Koreya Dəmir Yolları Elmi-Tədqiqat İnstitutunun rəhbərliyi altında, yeddi dövlət və özəl təşkilatın iştirakı ilə həyata keçirilib. Layihə aerodinamika, təhlükəsizlik, enerji səmərəliliyi və hərəkət idarəetmə sistemləri sahəsində innovativ həlləri əhatə edir ki, bu da təkcə yüksək sürəti deyil, həm də sərnişinlərin rahatlığını təmin edəcək.
Ekspertlər qeyd edirlər ki, EMU-370-in tətbiqi Cənubi Koreyaya yüksək sürətli dəmir yolu nəqliyyatı sahəsində dünya bazarındakı mövqeyini gücləndirməyə və ölkənin əsas şəhərləri arasındakı səyahət vaxtını azaldaraq daxili daşımaların səmərəliliyini artırmağa imkan verəcək.
Almaz Həsənli



















































































