Uitkoff ABŞ-Ukrayna formatında danışıqların təfərrüatlarını açıqladı

Uitkoff ABŞ-Ukrayna formatında danışıqların təfərrüatlarını açıqladı

10:21
Bəyəndim (2) Bəyənmədim (0)


Amerika prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff, Mayamidə (Florida ştatı) keçirilən ABŞ-Ukrayna formatındakı danışıqlarda diqqət mərkəzində olan məsələləri açıqlayıb. Uitkoff müvafiq qeydi bazar günü, X sosial şəbəkəsində yerləşdirib.
Xüsusi nümayəndənin sözlərinə görə, görüş zamanı əsas diqqət dörd əsas məsələyə yönəldilib: Trampın 20 maddəlik sülh planının daha da inkişaf etdirilməsi, çoxtərəfli təhlükəsizlik zəmanətləri sistemi üzrə mövqelərin razılaşdırılması, Ukrayna üçün Amerika təhlükəsizlik zəmanətləri sistemi üzrə mövqelərin razılaşdırılması, həmçinin "iqtisadi inkişaf və rifah planının" daha da inkişaf etdirilməsi.
Uitkoff vurğulayıb ki, söhbət "gələcək addımların müddətləri və ardıcıllığı" barədə gedib.
"Ümumi prioritetimiz qətllərə son qoymaq, təmin olunmuş təhlükəsizliyi bərqərar etmək və Ukraynanın bərpası, sabitliyi və uzunmüddətli rifahı üçün şərait yaratmaqdır. Sülh təkcə hərbi əməliyyatların dayandırılması deyil, həm də sabit gələcək üçün layiqli bir baza olmalıdır", - deyə Trampın nümayəndəsi əminliklə bildirib.
Stiven Uitkoffun sözlərinə görə, Mayamidə Ukrayna nümayəndə heyəti Avropa tərəfdaşları ilə də görüşüb.
Daha əvvəl "The Wall Street Journal" (WSJ) qəzeti xəbər verib ki, Rusiya prezidenti Vladimir Putin Trampın ətrafındakı rəsmilərin psixoloji profillərini öyrənib və ABŞ-ın danışıqlarda məhz Uitkoff tərəfindən təmsil olunmasında israr edib.
Kreml həmçinin sonuncunun Rusiya lideri ilə görüşü üçün şərt irəli sürüb. WSJ mənbəsinə istinadən qeyd edib ki, Uitkoff Moskvaya tək, Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşları, diplomatlar və hətta tərcüməçi olmadan gəlməli idi.
Almaz Həsənli