"Oskar" mərasimi 2029-cu ildən etibarən yalnız YouTube-da yayımlanacaq
2029-cu ildən etibarən Amerika Kino Akademiyasının "Oskar" mükafatlandırma mərasimi ABC telekanalında yayımlanmayacaq və YouTube-da pulsuz canlı izləmək mümkün olacaq. Bu barədə Kino Sənətləri və Elmləri Akademiyası məlumat verib və video platforma ilə çoxillik müqavilənin imzalandığını bildirib.
Müqaviləyə əsasən, YouTube 2033-cü ilə qədər "Oskar" mərasiminin yayımının eksklüziv qlobal hüquqlarını əldə edəcək. Beləliklə, demək olar ki, 50 ildir ABC telekanalı tərəfindən aparılan yayımlar tamamilə rəqəmsal formata keçəcək. ABC son üç mərasimi əvvəlki müqavilələr çərçivəsində keçirəcək.
Akademiya vurğulayıb ki, YouTube ilə tərəfdaşlıq mükafatın beynəlxalq auditoriyasını əhəmiyyətli dərəcədə genişləndirəcək. Akademiyanın baş direktoru Bill Kramer və təşkilatın prezidenti Linett Houell Teylorun sözlərinə görə, bu qərar Akademiyanın məzmununa daha geniş çıxışı təmin edəcək və dünya kino ictimaiyyətinə fayda gətirəcək.
YouTube-un baş direktoru Nil Mohan "Oskar"ı ən mühüm mədəni institutlardan biri adlandırıb və Akademiyayla əməkdaşlığın yeni nəsil tamaşaçıları və müəllifləri cəlb etməyə kömək edəcəyini, eyni zamanda mükafatın ənənələrini və irsini qoruyacağını qeyd edib.
Bu qərar son illərdə mərasimin televiziya reytinqlərinin aşağı düşməsi fonunda qəbul edilib, baxmayaraq ki, 2025-ci ildə gənc tamaşaçıların mobil cihazlar və kompüterlərdən izləməsi sayəsində auditoriyada kiçik artım qeydə alınıb.
"Oskar"ın YouTube-a keçidi “Hollywood”un ümumi transformasiyasını və axın platformalarının rolunun güclənməsini, ənənəvi televiziya böhranı və kino istehsalının həcminin azalması fonunda əks etdirir.
Almaz Həsənli


















































.jpg)



.jpg)




























