ABŞ və Avropa tərəfindən hazırlanan təhlükəsizlik zəmanətləri Avropa qüvvələrinin Ukraynada yerləşdirilməsini əhatə edir

ABŞ və Avropa tərəfindən hazırlanan təhlükəsizlik zəmanətləri Avropa qüvvələrinin Ukraynada yerləşdirilməsini əhatə edir

12:02
Bəyəndim (2) Bəyənmədim (0)


Berlində keçirilən görüşlərin nəticələrinə əsasən Ukrayna üçün hazırlanan təhlükəsizlik zəmanətləri Ukrayna Silahlı Qüvvələrinin (USQ) gücləndirilməsini, Avropa qüvvələrinin ölkə ərazisində yerləşdirilməsini və ABŞ kəşfiyyatından istifadənin genişləndirilməsini nəzərdə tutur. Bu barədə “The New York Times” mənbələrə istinadən məlumat yayıb.
NYT-nin məlumatına görə, dekabrın 15-16-da iki gün ərzində Berlində Ukrayna nümayəndə heyəti ilə görüşən ABŞ və Avropa diplomatları əsasən iki sənəddə təsvir olunan təhlükəsizlik zəmanətlərini təsdiqləyiblər.
Onlardan biri ümumi prinsipləri müəyyən edir. İki mənbənin sözlərinə görə, bu sənəddə NATO-nun nizamnaməsinin beşinci maddəsinə bənzər zəmanətlərdən bəhs edilir.
İkinci sənədi ABŞ rəsmiləri "hərbi əməkdaşlıq üzrə əməliyyat sənədi" (mil-to-mil) kimi xarakterizə edirlər. Bu sənəddə ABŞ və Avropa qüvvələrinin mümkün təcavüz cəhdlərinin qarşısını almaq üçün USQ ilə necə əməkdaşlıq edəcəyi təsvir olunur. NYT-nin həmsöhbətinin sözlərinə görə, sənəddə yeni təcavüzlərin qarşısını almaq üçün tədbirlər "çox konkret" şəkildə təsvir olunur.
Sənədə əsasən, USQ-nin sayı "sülh dövrü səviyyəsində" 800 min hərbi qulluqçu olaraq müəyyən edilməsi planlaşdırılır. NYT qeyd edir ki, müharibə zamanı bu say təxminən 900 minə yüksəlib.
Sənəddə həmçinin Avropa rəhbərliyi altında hərbi kontingentin yaradılması barədə təfərrüatlar yer alıb ki, bu kontingent Ukraynaya havada və dənizdə təhlükəsizliyin təmin edilməsində kömək edəcək. Rəsmilər hansı ölkələrin Ukraynaya qoşun yerləşdirməyi planlaşdırdığını bildirməyiblər, lakin Vladimir Zelenski bir neçə dövlətin artıq şəxsən belə öhdəliklər götürdüyünü bildirib. Bu qüvvələr gələcək Rusiya təcavüzünə qarşı əlavə bir çəkindirici qüvvə kimi xidmət etmək üçün Ukraynanın qərb hissəsində, atəşkəs xəttindən uzaqda yerləşməlidir.
Sənəddə həmçinin ABŞ-ın atəşkəsə riayət olunmasına nəzarət etmək və Rusiyanın yenidən işğal cəhdlərini aşkar etmək üçün öz kəşfiyyat sistemlərindən necə istifadə edəcəyi təsvir olunur. O cümlədən, ABŞ-ın Moskvaya hərbi əməliyyatları yenidən başlamaq üçün bəhanə verə biləcək "saxta bayraq" əməliyyatları təşkil etmək cəhdlərini aşkar etməyi planlaşdırılır. Lakin NYT yazır ki, ABŞ qüvvələrinin Ukraynadakı Avropa qoşunlarına hücum olarsa, onları müdafiə etmək üçün müdaxilə edib-etməyəcəyi aydın deyil.
Almaz Həsənli