Rusiyada "qeyri-dost" ölkələrdən gələn zənglərə qadağa qoyulması planlaşdırılır
Rusiya Hökuməti telefon dələduzluğu ilə mübarizə şüarı altında "qeyri-dost" ölkələrdən gələn telefon zənglərinin bloklanmasını tətbiq etməklə məşğuldur.
Rusiya Prezidenti Vladimir Putin İnsan Hüquqları Şurasının (İHŞ) üzvləri ilə görüşdə telefon və internet dələduzluğu ilə mübarizə çərçivəsində İHŞ tərəfindən əvvəllər təklif edilmiş konkret həllər arasında cinayət məqsədi daşıyan "qeyri-dost" dövlətlərin ərazisindən gələn zənglərin bloklanması, həmçinin zənglərin işarələnməsi olduğunu qeyd edib. Bu barədə Almaniya xəbər agentliyi “Deutsche Welle” məlumat yayıb.
Rusiya Hökuməti sədrinin müavini Dmitri Qriqorenko qeyd edib ki, abonent razılığı olmadan beynəlxalq daxil olan zənglərə qadağa qoyulması və onların məcburi işarələnməsi planlaşdırılır.
Son aylar ərzində dövlət tərəfindən dəstəklənən "Max" messenceri üçün lobbiçilik fonunda Rusiya hakimiyyəti ardıcıl olaraq messencerlər və digər onlayn xidmətlərin, həmçinin telefon rabitəsinin işinə dair sərtləşdirmələr tətbiq edir. Belə ki, avqust ayında Rusiyada WhatsApp və Telegram-a zənglər məhdudlaşdırılıb. Bundan sonra Dövlət Dumasında bildirilib ki, dələduzlar guya stasionar rabitəyə keçiblər və onlarla mübarizə çərçivəsində stasionar telefonlarda beynəlxalq rabitənin bloklanması ideyasını nəzərdən keçirmək təklif olunub.
Rusiya hakimiyyəti baxımından "qeyri-dost" ölkələrin siyahısının son redaksiyasında 47 dövlət və ərazi yer alır. Onların arasında Avropa İttifaqı ölkələri, ABŞ, Böyük Britaniya, İsveçrə, Norveç, Kanada, Avstraliya, Yeni Zelandiya, Yaponiya, Cənubi Koreya, Ukrayna və Monteneqro var.
Almaz Həsənli












































.jpg)
.jpg)
.jpg)



































