Avstraliyanın 16 yaşdan kiçik uşaqlar üçün sosial media qadağası qüvvəyə minir
Avstraliya dünyada 16 yaşdan kiçik şəxslərin sosial mediadan istifadəsini qadağan edən ilk ölkə olub. Ölkə parlamenti tərəfindən 2024-cü ilin noyabr ayında qəbul edilən qanun, çərşənbə günü yerli vaxtla gecə yarısında qüvvəyə minib. Bu barədə Oxuməni.az “Deutsche Welle”yə istinadla xəbər verir.
Gəncləri onlayn zorakılıqdan, dezinformasiyadan və qanunsuz məzmundan qorumaq məqsədi daşıyan qadağa, TikTok, YouTube, Instagram, Snapchat, Facebook, Reddit və X daxil olmaqla əksər əsas platformalara təsir edəcək. Bu, WhatsApp messencerinə, e-poçt müştərilərinə, onlayn oyunlara və ya təhsil layihələrinə şamil edilmir.
Avstraliyanın Baş naziri Entoni Albanese jurnalistlərə bildirib ki, qanun uşaqların normal uşaqlıq keçirməsinə kömək edəcək, valideynlər üçün rahatlıq təmin edəcək və digər ölkələr üçün nümunə olacaq.
Qadağaya əməl edilməməsi platformalara 49,5 milyon Avstraliya dollarına qədər (təxminən 56,1 milyon manat-red.) cərimə ilə nəticələnəcək.
Kanberra hökumətinin tənqidçiləri bunun qeyri-mütənasib olduğunu iddia edirlər və artıq ölkənin Ali Məhkəməsində ona qarşı iddia qaldırıblar. Çoxları əmindir ki, yeniyetmələr sadəcə nəzarəti daha da çətin olan digər xidmətlərə keçəcəklər.
Malayziya, Danimarka və Norveç də daxil olmaqla bir neçə ölkə artıq oxşar qadağalar tətbiq etmək niyyətlərini açıqlayıb. Avropa Parlamenti də oxşar məhdudiyyətlərin lehinə çıxış edib.
Almaz Həsənli











































.jpg)
.jpg)
.jpg)





































