Ukraynada keçmiş baş nazir Azarov qiyabi olaraq 15 il həbs cəzasına məhkum edilib

Ukraynada keçmiş baş nazir Azarov qiyabi olaraq 15 il həbs cəzasına məhkum edilib

11:01
Bəyəndim (2) Bəyənmədim (0)


Kiyevdəki Peçersk Rayon Məhkəməsi keçmiş baş nazir Nikolay Azarovu xəyanətdə və konstitusiya quruluşunu zorla devirməyə cəhddə təqsirli bilib. Azarov qiyabi olaraq 15 il həbs cəzasına məhkum edilib.
Oxumənı.az-ın məlumatına görə, bu barədə “RBK-Ukrayna” məhkəmənin hökmünə istinadən məlumat yayıb.
Qeyd olunur ki, 2024-cü ilin mart ayında Kiyev Prokurorluğu Nikolay Azarova və onun köməkçisinə qarşı ittiham irəli sürüb. Keçmiş baş nazirə qarşı bir sıra ittihamlar irəli sürülüb:
• dövlətə xəyanət;
• Ukraynanın ərazi bütövlüyünə və toxunulmazlığına qəsd;
• konstitusiya quruluşunun devrilməsinə çağırışlar;
• Rusiyanın Ukraynaya qarşı silahlı təcavüzünün əsaslandırılması.
Azarov Rusiyapərəst təbliğat yaymaq üçün öz kanallarından və sosial media hesablarından fəal şəkildə istifadə edib. Keçmiş baş nazirə bu işdə iki Ukrayna vətəndaşı - Kiyevin Şevçenkivski Rayon Dövlət Administrasiyasının hazırkı və keçmiş işçisi kömək edib.
Toplanan dəlillərə əsasən məhkəmə Azarovu bütün əmlakı müsadirə edilməklə 15 il həbs cəzasına məhkum edib. Məhkum Rusiyada gizləndiyindən hökm qiyabi olaraq çıxarılıb.
Nikolay Azarov qaçaq prezident Viktor Yanukoviçin hakimiyyəti dövründə keçmiş baş nazir olub. Onun himayədarı Yanukoviç kimi, Azarov da Ləyaqət İnqilabından sonra Ukraynadan qaçıb Rusiyada məskunlaşıb.
2024-cü ildə aktiv anti-Ukrayna fəaliyyətinə görə Azarov 1-3-cü dərəcəli "Şərəf" ordenini, 5-ci dərəcəli "Knyaz Yaroslav Müdrı" ordenini və "Ukraynanın əməkdar iqtisadçısı" titulunu itirib. Həmçinin, prokurorluq Azarovun işini məhkəməyə göndərərək onu ömürlük həbs cəzası ilə hədələyib.
2023-cü ilin sentyabr ayında keçmiş baş nazir Azarovun və keçmiş prezident Viktor Yanukoviçin 2010-cu ildə Rusiyanın xeyrinə "Xarkov Sazişləri"ni imzaladıqlarına görə Ukraynada mühakimə olunacağı bildirildi. Dövlət İstintaq Bürosu və Prokurorluq onların dövlətə xəyanət iddiası ilə bağlı istintaqını 2022-ci ilin dekabrında başa çatdırdı.
Almaz Həsənli