Ukrayna nümayəndə heyəti Vitkov və Putin arasında keçirilən görüşdən sonra ABŞ-a dəvət edilib
ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkov Rusiya diktatoru Vladimir Putinlə görüşdükdən sonra Ukrayna danışıqlar qrupu ABŞ-a səfər etməyə dəvət edilib.
RBC-Ukraynanın verdiyi məlumata görə, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa məlumat verib.
NATO xarici işlər nazirlərinin görüşündən sonra Sibiqa bildirib ki, Ukrayna nümayəndə heyətinin rəhbəri, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov Putinlə görüşdən sonra artıq Vitkovla danışıb. Təhlükəsizlik səbəblərinə görə, Moskva görüşünün təfərrüatları müzakirə olunmayıb.
Eyni zamanda, nazirin sözlərinə görə, Umerov Fransa, Böyük Britaniya və Almaniya rəsmiləri ilə sülh danışıqları ilə bağlı məsləhətləşmələri davam etdirir. Onlar mövqelərini əlaqələndirir və əldə edilən irəliləyişi qiymətləndirirlər.
"Amerika nümayəndə heyətinin nümayəndələri bildiriblər ki, qiymətləndirmələrində Moskvadakı danışıqlar sülh prosesinə müsbət təsir göstərib. Onlar Ukrayna nümayəndə heyətini yaxın gələcəkdə Amerikada müzakirələrimizi davam etdirməyə dəvət ediblər", - deyə xarici işlər naziri qeyd edib.
Əziz MUSTAFA

















































































