Ukrayna və ABŞ sülh üçün yenilənmiş çərçivə sənədi hazırlayıblar

Ukrayna və ABŞ sülh üçün yenilənmiş çərçivə sənədi hazırlayıblar

08:12
Bəyəndim (3) Bəyənmədim (0)

23 noyabrda Cenevrədə keçirilən danışıqlardan sonra Ukrayna və ABŞ sülh üçün yenilənmiş və yenidən işlənmiş çərçivə sənədi hazırlayıblar. Bu barədə Oxuməni.az Ukrayna Prezidenti və Ağ Evin veb saytlarında dərc olunmuş birgə bəyanata istinadən məlumat yayıb.

Bəyanatda bildirilir ki, 23 noyabrda Cenevrədə Amerika sülh təklifini müzakirə etmək üçün ABŞ və Ukrayna nümayəndələri arasında keçirilən danışıqlar "konstruktiv, məqsədyönlü və qarşılıqlı hörmətlə dolu olub, ədalətli və davamlı sülhə nail olmaq üçün ortaq öhdəliklərini vurğulayır". Qeyd olunur ki, hər iki tərəf məsləhətləşmələrin məhsuldar olduğunu qəbul edib.
Bəyanatda deyilir: "Tərəflər bir daha təsdiqlədilər ki, gələcəkdə əldə ediləcək hər hansı bir razılaşma Ukraynanın suverenliyinə tam hörmət etməli və davamlı və ədalətli sülhü təmin etməlidir".

Danışıqlardan sonra tərəflər sülh üçün yenilənmiş və təkmilləşdirilmiş çərçivə sənədi hazırladılar.

Birgə sənəddə qeyd olunur ki, "Ukrayna nümayəndə heyəti bir daha ABŞ-a, xüsusən də şəxsən Prezident Donald Trampa müharibəyə son qoymaq və həyatları xilas etmək üçün göstərdikləri sarsılmaz öhdəlik və yorulmaz səylərə görə minnətdarlığını bildirdi".

Ukrayna və ABŞ yaxın günlərdə birgə təkliflər üzərində intensiv işi davam etdirmək barədə razılığa gəliblər.

Bəyanatda qeyd olunur ki, bu çərçivə sənədi ilə bağlı yekun qərarlar Ukrayna və ABŞ prezidentləri tərəfindən veriləcək.

Sənəddə deyilir: "Hər iki tərəf Ukraynanın təhlükəsizliyini, sabitliyini və bərpasını təmin edəcək bir sülhə nail olmaq üçün birlikdə işləməyə davam etməyə hazır olduqlarını təsdiqləyiblər".
Daha əvvəl ABŞ dövlət katibi Marko Rubio ABŞ sülh planında dəyişikliklər elan etmişdi. Danışıqlardan sonra o, mətbuata açıqlamasında görüşlərin onun üçün "ən məhsuldar" və "ən təsirli" olduğunu bildirib. O, Vaşinqton komandasının sülh planında "bəzi dəyişikliklər" etdiyini vurğulayaraq, hələ çox iş görülməli olduğunu əlavə edib.

Xatırladaq ki, 20 noyabrda ABŞ Ukrayna üçün 28 bəndlik sülh planı təqdim etdi. Sənədə əsasən, Ukrayna Donbasdan çəkilməli, ordusunu azaltmalı, uzaqmənzilli silahlardan imtina etməli və daha çox şey etməlidir.

23 noyabr bazar günü Cenevrədə sənədin Kiyev üçün daha əlverişli olması üçün ABŞ, Ukrayna və Avropa arasında məsləhətləşmələr aparılıb.

Əziz MUSTAFA