BMT Fələstini tanıdığı təqdirdə İsrail Abbası həbs edəcək
.İsrail Milli Təhlükəsizlik Naziri İtamar Ben-Qvir, BMT-nin Fələstin dövlətçiliyini tanıdığı təqdirdə Fələstin Milli Muxtariyyətinin lideri Mahmud Abbasın həbs olunmasını tələb etdi. Bu barədə RİA Novosti məlumat yayıb.
İfrat sağçı siyasətçi həmçinin terrorçu adlandırdığı Fələstin Muxtariyyətinin yüksək vəzifəli məmurlarına qarşı "hədəfli sui-qəsdlər"ə çağırdı. Nazirin sözlərinə görə, Abbas üçün İsrailin Ktziot həbsxanasında artıq kamera hazırlanıb.
"Əgər BMT Fələstin dövlətini tanıyırsa, onda hər cəhətdən terrorçu olan Fələstin Muxtariyyətinin yüksək vəzifəli məmurlarına qarşı hədəfli sui-qəsdlər əmr etmək və həmçinin Mahmud Abbasın həbsini əmr etmək lazımdır", - deyə Ben-Qvir bildirib.
Sentyabr ayında Fransa, Belçika və Birləşmiş Krallıq da daxil olmaqla bir neçə Avropa ölkəsi Fələstin Dövlətini tanıdı. Ümumilikdə, Rusiya da daxil olmaqla, BMT-nin 193 üzv dövlətindən 147-si Fələstin dövlətçiliyini tanıyır.
Noyabrın 18-də BMT Təhlükəsizlik Şurası ABŞ-ın Qəzzada sülh nizamlanması planını dəstəkləyən qətnamə qəbul etdi. Təhlükəsizlik Şurasının 15 üzvündən 13-ü lehinə səs verdi, Rusiya və Çin isə bitərəf qaldı. Qətnamə layihəsində Qəzzada müvəqqəti "sülh şurası"nın və iki illik mandatla beynəlxalq sabitləşdirmə qüvvəsinin yaradılması tələb olunur. Sənəddə iki dövlətli həlldən bəhs edilmir və Fələstin dövlətçiliyi uzaq perspektiv kimi qəbul edilir. Trampın 20 maddəlik planı HƏMAS-ı Zolağın idarə olunmasından kənarlaşdırır.
Əziz MUSTAFA



















































































