ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyalar qanun layihəsini şərtlə imzalamağa hazırdır
ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyalar qanun layihəsini imzalamağa hazırdır, amma bu tədbirlərlə bağlı son qərarı vermək səlahiyyətini özündə saxlaması şərtilə. Bu barədə Reuters məlumat verib.
"Tramp bunu imzalayacaq. O, bunu dünən axşam bildirib", - deyə Ağ Evin yüksək vəzifəli rəsmisi bildirib.
Rəsmi əlavə edib ki, Ağ Ev Trampın sanksiyalar üzərində nəzarətini saxlamasını təmin edəcək konkret dildə israr edəcək.
"Ağ Ev və Prezident üçün sanksiyalar paketinə Prezidentə sanksiyalar barədə qərarlar qəbul etmək üçün son səlahiyyəti təmin edən müddəanın daxil edilməsi həmişə vacib olub. Buna görə də, əgər bu daxil edilərsə, düşünürəm ki, Prezident qanun layihəsini imzalamağı nəzərdən keçirəcək", - deyə rəsmi izah edib.
Eyni zamanda, o, əlavə etdi ki, Ağ Ev Ukraynadakı müharibəyə son qoymaq üçün Rusiya ilə danışıqları davam etdirir.
"Əlbəttə ki, biz hələ də bunun üzərində işləyirik. Sadəcə, bu, xəbərlərdə yer almayıb, çünki çox şey baş verir", - administrasiya rəsmisi yekunlaşdırdı.
Əziz MUSTAFA



















































































