Ukrayna Rusiyadakı hədəflərə qarşı "Uzun Neptun" raketlərindən uğurla istifadə edib
Bu gecə Ukrayna Rusiyadakı vacib hədəflərə hücum edib. Zərbələrdə "Uzun Neptun" raketlərindən istifadə edilib. Bu barədə RBC-Ukrayna Ukrayna Prezidenti Vladimir Zelenskinin Telegram-dakı açıqlamasına istinadən məlumat yayıb.
Prezident bildirib ki, o, Baş Komandan Aleksandr Sırskinin və Hərbi Hava Qüvvələri Komandanı Krivonozkonun bir neçə hesabatını dinləyib.
"Bizim 'Petriot'larımız və bəzi digər sistemlərimiz işlədi. Gecə ərzində ikisi aeroballistik və altısı ballistik olmaqla 14 Rusiya raketi zərərsizləşdirildi. Bu hava hücumundan müdafiə komponentini ballistik raketləri ələ keçirə bilən sistemlərlə gücləndirməyə davam edəcəyik", - deyə Zelenski qeyd edib.
O, həmçinin Ukrayna diplomatlarına tərəfdaşlarını Rusiya hücumları, onların təbiəti və seçilmiş hədəflər barədə tam məlumatlandırmağı tapşırıb. Prezidentin sözlərinə görə, həmin gecə Rusiyanın əsas hədəfləri Kiyevin yaşayış məntəqələri və enerji infrastrukturu obyektləri olub. Bundan əlavə, Zelenski Ukrayna ordusunun Rusiya ərazisindəki konkret hədəflərə qarşı "Uzun Neptun" raketlərindən uğurla istifadə etdiyini bildirib.
"Bu, davam edən Rusiya terroruna qarşı tamamilə ədalətli cavabımızdır. Ukrayna raketləri hər ay real və dəqiq nəticələr verir", - deyə prezident vurğulayıb.
O, Ukraynanın raket proqramı üzərində işləyən hər kəsə dəqiqlik və uzaqmənzilli imkanlarına görə təşəkkür edib. "Uzun Neptun" (Neptun-MD), Ukraynanın R-360 Neptun gəmi əleyhinə kruiz raketinin modifikasiya edilmiş versiyasıdır və uzun məsafəli hədəfləri vurmaq üçün də təkmilləşdirilib. Bu sistem Luç dizayn bürosu tərəfindən düşmən döyüş gəmilərini vurmaq üçün hazırlanmışdır.
Xatırladaq ki, "Uzun Neptun" RK360L raketi ilk dəfə Ukraynanın Müstəqillik Günündə "Arms" dövlət portalının rəsmi hesabındakı videoda nümayiş etdirilib. Daha əvvəl Zelenski raketin 1000 km-ə qədər məsafədə uğurlu sınaqdan keçirildiyini elan etmişdi.
Həmçinin, 29 sentyabr gecəsi Ukraynanın "Neptu" raketlərinin Rusiya müdafiə sənayesi üçün məhsul istehsal edən Bryansk bölgəsindəki Karaçev Elektrodetal zavoduna zərbə endirdiyi bildirilib.
Əziz MUSTAFA



























.jpg)
.jpg)
.jpg)




















































