Ukraynada rus əsgərlərinə yemək çatdıran özbək üç il həbs cəzasına məhkum edilib
Fərqanə Rayon Məhkəməsi Rusiyanın Ukrayna ilə müharibəsində iştirak edən 24 yaşlı Özbəkistan vətəndaşına hökm oxuyub. Bu barədə Gazeta.uz məlumat yayıb.
İş materiallarına görə, 2022-ci ildə təqsirləndirilən şəxs A.K. pul qazanmaq üçün Moskvaya gedib və orada ticarət mərkəzlərində təmizlikçi işləyib. Daha sonra Rusiyada narkotiklə əlaqəli cinayətdə məhkum edilib. "Mən üç ay Moskva vilayətinin Lyubertsı şəhərindəki "Globus" mağazasında xadimə işlədim, sonra başqa bir ticarət mərkəzinə keçdim. 9 sentyabr 2022-ci ildə Rusiya polisi tərəfindən saxlanıldım: Elmira adlı tanıdığım bir qızla küçədə gəzərkən üzərində narkotik tapdılar. Mən məhkum edildim və yeddi il müddətinə azadlıqdan məhrum edildim", - deyə A.K. məhkəmədə bildirib.
2024-cü ilin noyabr ayında Yekaterinburqdakı islah müəssisəsində cəzasını çəkərkən A.K. rəhbərliyin təklifi ilə Özbəkistan vətəndaşlığından imtina etmədən Rusiya vətəndaşlığına müraciət etdi və Rusiya Silahlı Qüvvələri ilə müqavilə imzaladı.
"Cəza çəkərkən müəssisənin direktoru əksəriyyətimizi toplayaraq Rusiya Silahlı Qüvvələrinə qoşulmağımızı və Ukraynada müharibəyə getməyimizi təklif etdi. Bunun müqabilində bizi həbsxanadan azad edəcəklərinə və Rusiya vətəndaşlığı verəcəyinə söz verdilər. Həmin an təklifi rədd etdim. 2024-cü ilin avqust ayında işə vaxtında gəlmədiyim üçün tək kameraya salındım. Əvvəlcə orada 15 gün qaldım. Tək kameradan azad edildikdən sonra iki gün ümumi rejimli həbsxanaya köçürüldüm, amma sonra yenidən tək kameraya salındım və orada üç ay qaldım. 2024-cü ilin noyabr ayında müəssisənin direktoru məni yenidən çağırdı və Rusiya vətəndaşlığını almağı, Rusiya Silahlı Qüvvələri ilə müqavilə imzalamağı və müharibəyə getməyi təklif etdi. O dedi ki, bu təklifi rədd etsəm, cəzama daha 10 il əlavə edəcəklər. Buna görə də onun təklifini qəbul etməyə məcbur oldum", - deyə təqsirləndirilən şəxs bildirib.
Rusiya pasportunu aldıqdan sonra A.K. Donetsk vilayətindəki təlim poliqonunda ilkin hərbi təlim keçdi və daha sonra Qorlivka şəhərinə göndərildi.
Əziz Mustafa
















































































