Avstraliyada buynuzlu arı tapılıb
Avstraliyalı alimlər buynuzlu yeni bir arı növü kəşf ediblər və ona uyğun olaraq "Lütsifer" adını veriblər. Oxuməni.az-ın məlumatına görə, bu barədə “BBC”-nin rus xidməti xəbər verir.
Yeni növün tam adı “Megachile Lucifer”-dir. Meqahiller- arı cinsidir. Alimlər "Lütsiferi" Qərbi Avstraliyanın Goldfilds bölgəsində, Pertdən 470 km şərqdə nadir bir gül növünü öyrənərkən kəşf ediblər.
Bu arıların yalnız dişilərində yaxşı görünən buynuzlar var. Bu buynuzların köməyi ilə onlar düşmənlərdən qoruna, ya da tozcuq, nektar və ya yuvalar üçün tikinti materialı, məsələn, qatran toplaya bilərlər.
Yeni arı növünü kəşf edən alimlər qrupunun rəhbəri doktor Kit Prenderqast bildirir ki, o zaman o, Netflix-də "Lütsifer" serialına baxırmış.
Doktor Prenderqastın sözlərinə görə, bu, bu arı cinsinə 20 ildən sonra ilk əlavədir.
"Bu yeni növün təsvirini hazırlayarkən mən Netflix-də "Lütsifer"ə baxırdım. Adı tam uyğun gəldi. Mən Netflix-in Lütsiferinin böyük bir pərəstişkarıyam, ona görə də çox düşünməyə ehtiyac qalmadı", - deyə o izah edir.
Doktor Prenderqast bu ada başqa bir məna da verir. "Lütsifer" latın dilindən tərcümədə "işıq daşıyan" deməkdir - və Kit Prenderqastın fikrincə, bu ad yerli arı növlərinin qorunmasının vacibliyinə və nadir bitki növlərinin tozlanma mexanizmlərinin öyrənilməsinə işıq salmağın zəruriliyini simvollaşdırır.
“Journal of Hymenoptera Research” jurnalında dərc olunan kəşf haqqında hesabatda alimlər bu arıların yaşadığı və nadir gül növlərinin bitdiyi ərazinin qoruq elan edilməsini tələb ediblər.
"Həm yeni arı növü, həm də nəsli kəsilməkdə olan gül növü kiçik bir ərazidə tapılıb və buna görə də hər ikisi eyni anda [insan] müdaxiləsi və iqlim dəyişikliyi kimi digər təhlükələrlə üzləşə bilər", - deyə doktor Prenderqast bildirir.
O şikayətlənir ki, bir çox mədən şirkətləri öz işlərinin ətraf mühitə təsirini qiymətləndirərkən arılara olan təsirini nəzərə almırlar.
"Buna görə də biz hələ təsvir edilməmiş növləri, o cümlədən nəsli kəsilməkdə olan bitki növlərini və ekosistemləri dəstəkləməkdə mühüm rol oynayanları itirə bilərik," - deyə Prenderqast izah edir. "Hansı vəhşi arıların mövcud olduğunu və hansı bitkilərdən asılı olduğunu bilmədən, biz onların mövcudluğunu öyrənməmişdən əvvəl hər ikisini itirmək riskini daşıyırıq."
Almaz Həsənli

















































































