Tramp Ağ Evdə Suriyanın müvəqqəti prezidentini qəbul edib

Tramp Ağ Evdə Suriyanın müvəqqəti prezidentini qəbul edib

12:50
Bəyəndim (2) Bəyənmədim (0)


ABŞ prezidenti Donald Tramp bazar ertəsi Ağ Evdə Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şara ilə görüşüb. Bu barədə Oxuməni.az “Deutsche Welle”yə istinadla xəbər verir.
Elə həmin gün Suriyanın keçid hökumətinin informasiya naziri Həmzə Mustafa sosial media platforması X-da yazıb ki, Dəməşq İslam Dövləti (İŞİD) terror qruplaşmasına qarşı ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyaya qoşulub və bununla da “terrorizmlə mübarizədə tərəfdaş rolunu gücləndirib və regional sabitliyi dəstəkləyib”.
Nazir aydınlaşdırıb ki, saziş “siyasi xarakter daşıyır və heç bir hərbi komponenti yoxdur”. “Dpa” xəbər agentliyinin məlumatına görə, Suriyanın İŞİD-ə qarşı ABŞ-ın rəhbərlik etdiyi koalisiyaya qoşulması ölkənin müvəqqəti prezidenti Əhməd əl-Şəraanın Vaşinqtona səfəri ilə əlaqədar gözlənilirdi.
2014-cü ildə İŞİD terrorçuları Suriya və qonşu İraqda geniş əraziləri ələ keçirib. Bu gün İslam Dövləti hərbi cəhətdən məğlub sayılır, lakin təxminən 2500 yaraqlı hələ də İraq və Suriyada gizlənir və terror hücumları həyata keçirir.
Əhməd əl-Şaraa 1946-cı ildə Suriya müstəqillik əldə etdikdən sonra ABŞ prezidenti tərəfindən Ağ Evdə qəbul edilən ilk Suriya dövlət başçısı oldu.
Donald Tramp əl-Şaraa ilə görüşdən sonra onu “güclü lider” elan edib. Tramp inanır ki, əl-Şaraa Suriyanı “çox uğurlu” edə biləcək. ABŞ Dövlət Departamenti də öz növbəsində Suriyaya qarşı sanksiyalardan imtina müddətinin 180 gün uzadıldığını açıqlayıb.
Almaz Həsənli