Seul: Şimali Koreya Rusiyaya daha 5000 əsgər göndərib
Beş min Şimali Koreya əsgəri "infrastrukturun bərpası"nda iştirak etmək üçün Rusiyaya göndərilib. Bu barədə çərşənbə axşamı, 4 noyabr tarixində Cənubi Koreyanın “Yonhap” Xəbər Agentliyi parlamentin kəşfiyyat komitəsinə istinadən məlumat verib.
"Sentyabr ayından bəri təxminən 5000 Şimali Koreya hərbi tikinti işçisi tədricən Rusiyaya köçürülüb və onların infrastrukturun bərpasında iştirak etməsi gözlənilir", - deyə millət vəkili Li Son Qvon bildirib.
O əlavə edib ki, Seulda həmçinin "Rusiyaya əlavə qoşun göndərilməsinə hazırlıq məqsədilə təlim və personalın seçilməsi ilə bağlı davamlı əlamətlər" müşahidə olunur. Cənubi Koreya kəşfiyyatına görə, hazırda Rusiya-Ukrayna sərhəd bölgəsində təxminən 10000 Şimali Koreya əsgəri yerləşdirilib, daha 1000 Şimali Koreyalı istehkamçı minaları təmizləyir. Millət vəkili əlavə edib ki, Rusiyanın Ukraynadakı müharibəsində ən azı 600 Şimali Koreya əsgəri həlak olub.
Cənubi Koreyanın Milli Kəşfiyyat Xidməti (NIS) əvvəllər Şimali Koreyanın müharibədə döyüşmək üçün Rusiyaya göndərilən təxminən 2000 əsgərini itirdiyini təxmin etmişdi.
“AFP” agentliyinin məlumatına görə, 2024-cü ilin oktyabr ayından bəri Şimali Koreya Rusiyaya əsgərlərlə yanaşı, artilleriya mərmiləri, raketlər və uzaqmənzilli raket sistemləri də daxil olmaqla silahlar göndərib.
Almaz Həsənli


















































































