Kot-d'İvuarın hazırkı prezidenti 83 yaşlı Uattara prezident seçkilərində qalib gəldi

Kot-d'İvuarın hazırkı prezidenti 83 yaşlı Uattara prezident seçkilərində qalib gəldi

10:30
Bəyəndim (2) Bəyənmədim (0)

Kot-d'İvuarın hazırkı prezidenti Alassan Uattara 25 oktyabrda keçirilən prezident seçkilərində qalib gəldi və dördüncü müddətə yenidən seçildi. “TASS” xəbər verir ki, dövlət seçki komissiyası bunu elan edərək təkrar turun keçirilməsinə ehtiyac olmadığını qeyd etdi.

“Reuters” agentliyinin komissiyanın hesablamalarına istinadən verdiyi məlumata görə, Uattara səslərin 89,77%-ni toplayıb. Qalan səslər digər dörd namizəd arasında bölüşdürülüb. Nəticələr ilkindir və hələ də Konstitusiya Şurası tərəfindən təsdiqlənməsini gözləyir.

İqtisadiyyat üzrə ali təhsili olan 83 yaşlı Uattara 14 ildən çoxdur ki, dövlət başçısıdır. O, ilk dəfə 2010-cu ilin noyabr ayında genişmiqyaslı daxili silahlı münaqişə ilə yadda qalan prezident seçkilərində qalib gəlib. 2016-cı ildə referendumla qəbul edilən yeni konstitusiya ona hazırkı seçkilərdə iştirak etməyə icazə verdi, çünki Konstitusiya Şurası onun əvvəlki konstitusiyaya əsasən iki prezidentlik müddətinin sayılmadığı barədə qərar qəbul edib.

Prezidentlik müddəti beş ildir. Hazırkı konstitusiya iki müddətlik məhdudiyyət nəzərdə tutur.

Almaz Həsənli