Ağ Ev: ABŞ-ın neft şirkətlərinə qarşı sanksiyaları Rusiyaya ciddi ziyan vuracaq

Ağ Ev: ABŞ-ın neft şirkətlərinə qarşı sanksiyaları Rusiyaya ciddi ziyan vuracaq

24 Oktyabr 10:27
Bəyəndim (1) Bəyənmədim (0)


Tramp administrasiyası Rusiyanın neft şirkətlərinə qarşı sanksiyaların Rusiya iqtisadiyyatına ciddi ziyan vuracağını gözləyir. Ağ Evin mətbuat katibi Caroline Levitt bu barədə Ağ Evdə keçirdiyi brifinqdə Çin və Hindistan şirkətlərinin artıq Rusiya ilə əməkdaşlığı dayandırmağa başladığı xəbərinə diqqət çəkib.

Xanım Levitt ABŞ-ın Rusiya neft sektoruna qarşı tətbiq etdiyi sanksiyaların ölkəyə nə dərəcədə təsir edəcəyi ilə bağlı sualı cavablandırarkən deyib: “Ciddi şəkildə”. “Biz sanksiyaların ciddi ziyan vuracağını gözləyirik”.

Xanım Levitt jurnalistlərin diqqətini Çin və Hindistan şirkətlərinin artıq Rusiya ilə müqavilələri yenidən müzakirə etməyə başladığı barədə xəbərlərə çəkib. Bu kontekstdə Ağ Evin mətbuat katibi ABŞ prezidenti Donald Trampın Aİ ölkələrinə Rusiya yanacağının alınmasını dayandırmaq çağırışlarını da xatırladıb.

Qeyd edək ki, bir müddət əvvəl Rusiya prezidenti Vladimir Putin ABŞ-ın Rusiyanın əsas neft şirkətləri LUKOIL və Rosneft-ə qarşı sanksiyalar tətbiq etmək qərarını şərh edib. O, Rusiyanın dünya bazarına çıxardığı neftin yalnız bir hissəsinin əvəzlənməsinin mümkün olduğunu, lakin Rusiyanın tədarükünü tamamilə əvəz etməyin mümkün olmadığını bildirib. Rusiya lideri həmçinin qeyd edib ki, o, ABŞ prezidenti Donald Trampla Rusiya neftinin tədarükünə qoyulan məhdudiyyətlərin qlobal yanacaq bazarına təsirini müzakirə edib. Lakin prezident söhbətin təfərrüatlarını açıqlamayıb.

Oktyabrın 22-də ABŞ Maliyyə Nazirliyi Rusiyaya qarşı yeni sanksiyalar, o cümlədən LUKOIL və Rosneft neft şirkətlərinə məhdudiyyətlər elan edib. Məhdudiyyətlər şirkətlərin ABŞ-dakı bütün aktivlərinin dondurulmasını və ABŞ şirkətlərinin onlarla iş aparmasını qadağan edir. Reuters agentliyinin məlumatına görə, Çinin dövlət şirkətləri daha sonra Rusiyadan neft alışını dayandırıb. Agentliyin mənbələri Hindistanın dövlət neft emalı zavodlarının Rusiya ilə neft müqavilələrini nəzərdən keçirməyə başladığını da bildiriblər. Bloomberg mənbələri bildirirlər ki, Hindistan yeni sanksiyalara görə Rusiya xammalının alışından demək olar ki, tamamilə imtina edə bilər.

Əziz MUSTAFA