Rusiyanın ən böyük zavodlarından biri olan Ryazan Neft Emalı Zavodu yanır

Rusiyanın ən böyük zavodlarından biri olan Ryazan Neft Emalı Zavodu yanır

12:20
Bəyəndim (4) Bəyənmədim (0)

Oktyabrın 23-nə keçən gecə Ryazan vilayətində partlayış səsləri eşidilib. Dronların hücumu zavodlardan birində yanğına səbəb olub. Bu barədə Rusiyanın “Astra” Teleqram kanalı məlumat yayıb. Yerli qubernatorun sözlərinə görə, Rusiya hava hücumundan müdafiə qüvvələri 14 pilotsuz uçan aparatı məhv edib, lakin yanğına dağıntılar səbəb olub.

"Bu gecə hava hücumundan müdafiə sistemləri Ryazan vilayəti üzərində 14 pilotsuz uçuş aparatını (PUA) məhv edib. Dağıntıların düşməsi bir müəssisədə yanğına səbəb olub... Hadisə yerində fövqəladə hallar xidməti işləyir", - qubernator bildirib.

O əlavə edib ki, itki yoxdur, maddi ziyanın hesablanması hələ də davam edir. Yerli sakinlər hədəfin Rusiyanın ən böyük zavodlarından biri olan Ryazan Neft Emalı Zavodunun (NEZ) olmasından şübhələnirlər. Zavod ildə 17 milyon tondan çox neft emal edir və Rusiya qoşunlarının yanacaqla təmin edilməsində mühüm rol oynayır.
Ryazan Neft Emalı Zavoduna dronların hücumu ilk dəfə deyil. 2025-ci ilin əvvəlindən zavod ən azı beş dəfə dronların hədəfinə çevrilib. Ən böyük hücumlardan biri bu il yanvarın 24-də baş verib, o zaman üç yanacaq çəni və bir istehsalat yanıb.

Əziz MUSTAFA