
Londonda “İstəkli Koalisiya” toplanacaq – Makron
“İstəkli Koalisiya” nın iclası gələn cümə günü Londonda baş tutacaq. “İnterfaks-Ukrayna” xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron bildirib.
"Cümə günü “İstəkli Koalisiya” nın iclası keçiriləcək. Bu, qismən fiziki, qismən virtual olacaq, lakin bu, bizim bəzilərimizi Londonda bir araya gətirəcək. Prezident Zelenski də orada olacaq,"-o deyib.
ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında Budapeştdə keçiriləcək potensial görüşü şərh edən Makron deyib ki, o, "ikitərəfli gündəliyi müzakirə etmək üçün görüşə bilmələri çox yaxşı haldır", lakin Ukrayna ilə bağlı müzakirələrin danışıqlar masası arxasında ukraynalılarla aparılmalı olduğuna inanır.
"Əgər onlar Ukraynanın taleyini müzakirə etsələr, ukraynalılar danışıqlar masasında olmalıdır. Əgər onlar avropalıların təhlükəsizliyinə təsir edən məsələləri müzakirə etsələr, avropalılar danışıqlar masasında olmalıdır", - deyə Fransa prezidenti əlavə edib və "cəsarətlə müqavimət göstərən" Ukraynaya dəstəyini davam etdirəcəyinə söz verib.
Bir gün əvvəl Zelenski Avropanın mövqelərini koordinasiya etmək və təhlükəsizlik təminatlarını müzakirə etmək istəyənlərin koalisiyasının görüşünə hazırlıq barədə göstəriş verib. O, görüşün ilkin tarixini dəqiqləşdirməyib.
Almaz Həsənli