
Ermənistanda Gümrü şəhərinin rusiyapərəst meri barəsində cinayət işi açılıb
“Armenpress” xəbər verir ki, Gümrü şəhərinin meri Vardan Qukasyan və şəhər administrasiyasının 7 əməkdaşı Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin araşdırdığı cinayət işi üzrə saxlanılıb. Onlar külli miqdarda rüşvət almaqda və verməkdə ittiham olunurlar.
Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi səkkiz nəfərin saxlanıldığını təsdiqləyib, lakin bu işdə iştirak edənlərin adlarını açıqlamayıb. Meriyada axtarışlar aparılıb. “ABC Media” Qukasyanın köməkçisi Qaqik Manukyana istinadən xəbər verir ki, 60-70 nəfər şəhər administrasiyasının binasına daxil olaraq “hamını yerə uzanmağa məcbur ediblər”.
“News.am” xəbər verir ki, Gümrü sakinləri meriyanın qarşısına toplaşır. Polislər avtobuslarla meriyaya gəlirlər. "Hüquq-mühafizə orqanlarının əməkdaşları meriyaya girişi bağlayıb, insanların, o cümlədən əməkdaşların içəri girib-çıxmasına mane olur. Meriyanın girişində vəziyyət gərgindir", - deyə nəşr yazır. Şəhərdə icazəsiz tikilinin leqallaşdırılması ilə bağlı cinayət işi açılıb, Korrupsiyaya Qarşı Mübarizə Komitəsi aydınlıq gətirib. Agentliyin press-relizində bildirilir ki, Gümrü şəhərinin meri və baş memar icazəsiz tikilinin sahibi ilə təxminən 1500 kvadratmetr sahəsi olan “korrupsiya sövdələşməsi” bağlayıblar. Binanın sökülməsi nəzərdə tutulmuşdu, lakin səlahiyyətlilər heç bir tədbir görməyəcəyinə söz verərək bunun müqabilində 4 milyon dram (təxminən 18 min manat-red.) tələb ediblər. “Sputnik Ermənistan” xəbər verir ki, iş “Fabrika” mağazalar şəbəkəsinin sahibi Sevak Qomtsyandan hədə-qorxu və rüşvət almaqla bağlı ola bilər.
Apreldə Vardan Qukasyan respublikanın ikinci şəhəri olan Gümrü şəhərinin meri seçilib. Müsahibəsində o, Rusiya ilə Belarusla oxşar bir ittifaq dövlətinin yaradılmasına tərəfdar olduğunu bildirib.
Almaz Həsənli